Bakının “Eurovision” mahnı müsabiqəsi, eləcə də idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi var və o, COP-un artan tələblərinə cavab verə biləcək.
Missiya.Az xəbər verir ki, bunu “Bloomberg”ə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov deyib.
Qeyd edək ki, “Climatechangenews” saytı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) Bakının ev sahibliyi edəcəyini bildirib.
Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilib ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.
Elin Süleymanov bildirib ki, ölkəsinin ev sahibi kimi təklif olunması qonşu Ermənistanla sülh danışıqlarında irəliləyişə nail olunmasından sonra mümkün olub.
“Azərbaycan 20-ci əsrin ilk neft bumu zamanı birinci yerdə olub. Bu, enerji inqilabının başlanğıcı idi və düşünürəm ki, Azərbaycan enerji keçidinə töhfə verən böyük tədbirlərə ev sahibliyi edə bilər”, - o deyib.
E.Süleymanov həmçinin qeyd edib ki, ötən il Azərbaycan Qara dənizin dibi ilə keçəcək və Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələri külək enerjisi ilə təmin edəcək elektrik kabelinin çəkilməsi ilə bağlı saziş imzalayıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.