AZ   |   RU
Azərbaycan Parisdə keçirilən “2023-cü il üzrə Avrasiya həftəsi”ndə təmsil olunub


Dekabrın 13-14-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “2023-cü il üzrə Avrasiya həftəsi” keçirilib.




Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təşkilatın Avrasiya Rəqabət Qabiliyyəti Proqramına həsr edilən nazirlər səviyyəsində toplantısında Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.



Tədbir çərçivəsində pandemiya və müharibə şoklarına qalib gəlmək üçün dözümlülük və bərpa, Avrasiya məkanında biznes mühiti və islahatlar, habelə Avrasiyada aşağı karbona keçid, dayanıqlı infrastruktur üzrə strateji çərçivələr və digər mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb.



Sahib Məmmədov çıxışında Azərbaycanın son illər ərzində iqtisadi inkişafı, həyata keçirilən geniş beynəlxalq əməkdaşlıq və irimiqyaslı layihələr, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə ətraflı məlumat verib. Ənənəvi neft-qaz ölkəsi olan Azərbaycanın son illərdə həyata keçirdiyi qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, ölkədə biznes mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən yerli və regional əhəmiyyətli layihələr, o cümlədən nəqliyyat, enerji, xüsusilə yaşıl enerji layihələrindən bəhs edilib. Nazir müavini, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb, dövlətimizin başçısı tərəfindən bu ərazinin yaşıl enerji zonası elan edildiyini vurğulayıb.



Sonda Sahib Məmmədov Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə bağlı qərara istinad edərək, Azərbaycana dəstək verən bütün ölkələrə təşəkkürünü bildirib, OECD-in bütün üzvlərini bu tədbirdə fəal iştiraka çağırıb.

Tədbir çərçivəsində, həmçinin KOBİA-nın Katibliyinin rəhbəri Elmar İsayev Azərbaycan Hökumətinin bizneslərin, xüsusilə də KOB sektorunun inkişafına xüsusi önəm verdiyini bildirib, müvafiq sahədə həyata keçirilən islahatların davamı olaraq yaradılmış KOBİA-nın bizneslərin bilik və innovasiyalara, bazarlara, maliyyə resurslarına çıxış imkanının artırılması, dövlət və özəl sektor xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və əlverişli biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.



Digər çıxışçılar Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıblar.



  • 14-12-2023, 22:27