AZ   |   RU
Zəfər paradı- Zəfərin təntənəsi!

Məlumdur ki, 2020- ci il 10 dekabr tarixində, Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq meydanında yerli və xarici qonaqların və diplomatik korpusun da iştirak etdiyi Zəfər Paradı keçirilmişdir. Tarixi əhəmiyyəti olan bu paradı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın birgə qəbul etməsi beynəlxalq aləmə verilmiş ciddi bir mesaj idi. Paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, müasir raket və artilleriya qurğuları, HHM sistemləri, hərbi gəmi və katerlərlə yanaşı, darmadağın edilən düşməndən ələ keçirilən hərbi qənimətlərin bir hissəsi də nümayiş etdirildi. Şuşa şəhəri üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdir.

  Paradda Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqlçuların iştirakı, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha sübut etdi. Qeyd etmək lazımdır ki, Zəfər paradı tarixi ədalətin bərpasına çalışan əsgər və zabitlərimizin amalı və tariximizin ən şanlı səhifəsinin təntənəsi olaraq Azərbaycan tarixinə yazıldı. Cəmi 44 gün ərzində Azərbaycan ordusu öz qüdrətini göstərdi və “erməni mifi” də, erməni ordusu kimi məhv edildi. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olmasına baxmayaraq, Azərbaycan ordusunda bir dənə belə olsun fərari olmamışdır.

  Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri ilə yanaşı, 15 yeni medal təsis olunmuş və aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş hərbi qulluqçular və mülki şəxslər müəyyən orden və medallarla təltif olunmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və tarixi zəfərin nümayiş etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyev Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

  Müharibə dövründə xalqın birliyi, həm Azərbaycan ordusunun, həm də xalqın Prezident İlham Əliyev ətrafında birləşməsi, bununla yanaşı Azərbaycanda mövcud olan siyasi partiyaların birgə dəstək bəyanatı imzalamaları ilə Azərbaycan öz daxili birliyini nümayiş etdirmiş oldu. Təbii ki, bu zəfərdə iqtisadi cəhətlər, o cümlədən uzun illər əsas büdcə xərclərinin hərbi xərclərin təşkil etməsi, həmçinin ordu quruculuğuna göstərilən qayğının da rolu böyük olmuşdur. Peşəkar diplomatiya nəticəsində beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Bütün bunların nəticəsi olaraq, 2020-ci il 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı və bir güllə belə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı. Müharibə təbii ki, itkisiz ötüşmədi, düşmən mülki əhaliyə qarşı ballistik raketlərdən, fosforlu və kasetli bombalardan istifadə etməklə öz mənfurluğunu bir daha sübut etdi.

  Bu gün açıq səma altında salınan Hərbi Qənimətlər Parkında Azərbaycan ordusunun düşməndən ələ keçirdiyi hərbi texnikanın bir qismi, “İsgəndər-M” raketinin qalıqları, ümumilikdə 300-dən çox eksponat, 150-dək ağır texnika sərgilənir. Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Nizami rayonu 242 nömrəli tam orta məktənin tarix müəllimi Vahid Bayramov




  • 10-12-2023, 10:48