AZ   |   RU
Şəhər günün mübarək – gözəl Kəlbəcər


"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur.



Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.


Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur.


Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsu və s. Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə seçilir. Azərbaycan geoloqlarının səyi nəticəsində burada bir sıra qızıl (Söyüdlü, Ağduzdağ, Zərqulu, Qazıxanlı, Qalaboynu və s.), xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə, mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür tuf yataq və təzahirlər aşkar edilib. İşğala qədər rayonun ərazisi 3054 kv. km, əhalisi 53478 nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. 


Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, yüzlərlə inzibati bina, minlərlə mənzil talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Beynəlxalq konvensiyalar tərəfindən müəyyən olunmuş prinsiplərə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. 


Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdi. Həmin Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədilər. Beləliklə bu tarixi missiyanı da Azərbaycan həyata keçirməli oldu.


44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, 1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğala məruz qalan Kəlbəcər 2020-ci il noyabrın 25-də 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə öz azadlığına qovuşdu.


2020-ci il noyabrın 26-da Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncam ilə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmişdir və bu medalla Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu təltif olunmuşdur.


Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcərə ilk səfərini etmiş, səfər zamanı Kəlbəcərdə Azərbaycanın Dövlət Bayrağını qaldırmış, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11.6 kilometrlik, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunellərin təməlini qoymuş, 10/35/10 kv-lıq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etmiş, yeni tikilən 51 kilometr uzunluğunda İstisu-Minkənd avtomobil yoluna baxış keçirmişdir. Daha sonra, 2022-ci il iyunun 25-də Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq olmuş, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun təməlqoyma mərasimləri keçirilmişdir. 2023-cü il mayın 27-də Yanşaq kəndinin, Zallar kəndinin ilk yaşayış məhəlləsinin, 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimləri keçirilmiş. “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasınını açılışı olmuşdur. Ölkə başçısı ümumilikdə 5 dəfə Kəlbəcərdə səfərdə olmuş və çoxsaylı təməlqoyma mərasimlərində iştirak etmişdir.


2023-cü il avqustun 26-da ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında, Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra burada yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Çox çəkməyəcək ki, kəlbəcərlilər də öz dogma torpaqlarına dönəcəklər.


Cənab İlham Əliyevin dediyi kimi: "biz buraya qayıtmalı idik və qayıtdıq. Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq".


Azər Məmmədov
Abşeron RİH-nin əməkdaşı, Kəlbəcər rayon sakini







  • 25-11-2023, 16:50