Fərdi minik avtomobilləri ilə səfər zamanı bir sürücü olmaqla maksimum 9 nəfər üçün icazə almaq mümkündür. Fərdi minik avtomobili dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur.
Sürücülər “Yolumuz Qarabağa” portalında səfər qaydaları və mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, eyni zamanda bu məlumatları səfər edən şəxslərə çatdırmalıdırlar. İşğaldan azad edilmiş ərazilərə daxil olduqda isə mina təhlükəsizliyi üçün müəyyən edilmiş marşrutdan kənara çıxmamaq, yolayrıcılarında diqqətli olmaq və səfər boyunca qaydalara riayət etmək tələb olunur.
Bundan əlavə, vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər edəcəkləri istiqamətlərdə fəaliyyət göstərən otellər və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər. İşğaldan azad edilmiş ərazilərdə yerləşən hotellərdə rezervasiya edən şəxslər isə əraziyə giriş icazəsini avtomatik əldə etmiş olacaqlar.