AZ   |   RU
Türkiyənin BOTAŞ şirkətinin idarə rəisi TAİB-in ofisində qonaq oldu - FOTOLAR


Noyabr 18-də Türk Ağsaqqalları Birliyi –TAİB-in mərkəzi ofisində Heydər Əliyevin uğurlu neft strategiyası:  Türkiyə -Azərbaycan iqtisadi əlaqələrinin inkişafı”  mövzusunda dəyirmi masa keçirilib.


Tədbirdə Türkiyənin dünyaca məşhur BOTAŞ Şirkətinin xarici Əlaqələr departamentinin rəhbəri Samet Türkoğlu mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. O, BOTAŞ Şirkətinin həyata keçirdiyi layihələrdən söz açaraq, təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrindən, SOCAR-la birgə icra olunan layihələrdən geniş bəhs edib. S. Türkoğlu qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uğurlu neft strategiyası Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında böyük rol oynayıb. 


Qonaq “Əsrin müqaviləsi”nin imzalandığı dövrü xatırladaraq Ulu Öndərin imzalanan sənədlərdə Azərbaycanın milli maraqlarının önə çəkilməsinə çalışdığını xüsusi qeyd edib. Təqdimatda  Bakı –Tbilisi –Ceyhan Əsas İxrac Neft Boru kəməri layihəsindən, TANAP və TAP kimi transmilli enerji layihələrindən də ətraflı şəklildə bəhs olunub. Qeyd olunub ki, Ulu Öndərin təməlini qoyduğu inkişaf xəttinin sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı qlobal enerji bazarında əsas oyunçulardan birinə çevirib. 


Çıxış edən TAİB sədrinin müavini, sabiq dövlət qulluqçusu Eyvaz Hünbətov bu gün Azərbaycan  qazının dünya bazarına çatdrılmasında BOTAŞ-ın böyük rol oynadığını qeyd edib. E.Hünbətov vurğulayıb ki, BOTAŞ-la SOCAR-ın birgə iş nümunələr iki qardaş ölkə arasında qarşılıqlı investisiya yatırımlarının artmasına və təbii ki, ölkələrin iqtisadi inkişafına böyük töhfələr verir. 


“Əlbəttə, Türkiyə ilə Azərbaycanın inkişafı, həm iqtisadi, həm də qlobal siyasi müstəvidə təsir imkanlarının artması bütövlükdə Türk Dünyasının xeyrinədir. Çünki hər iki dövlətin gələcəyə baxışı məhz Türk Birliyinin möhkəmləmdirilməsi hədəfinə söykənir”- deyə, TAİB sədr müavini qeyd edib.


Tədbirdə TAİB İdarə Heyətinin üzvləri və Gənclər Təşkilatının təmsilçiləri də çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.


Dəyirmi masanın sonunda BOTAŞ rəsmisinə TAİB-in xüsusi xatirə plaketi təqdim olunub. Təşkilatın İdarə Heyətinin üzvləri müəllifi  olduqları kitabları Samet Türkoğluna hədiyyə ediblər. 


Qeyd edək ki, BOTAŞ Türkiyədə yerləşən dövlətə məxsus xam neft və təbii qaz boru kəmərləri və ticarət şirkətidir. TAİB-in qonağı olan Samet Türkoğlu bu il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən "Devlet üstün fedakarlığı" medalı ilə təltif olunub..




  • 20-11-2023, 15:28