AZ   |   RU
Avropa İHM-in hakimi ilə hüquq ictimaiyyəti arasında görüş keçirilib


Vəkillər Kollegiyasının (VK) Hüquqi Yardım və Tədris Mərkəzində Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmlər doktoru, professor Lətif Hüseynovla hüquq ictimaiyyətinin nümayəndələri arasında görüş keçirilib.


Bu barədə Missiya.Az-a VK-dən bildirilib.

Görüşdən əvvəl qonaq Mərkəzin inzibati binası ilə tanış olub, Mərkəzin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

Daha sonra görüşü giriş sözü ilə açan VK-nın sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov qonaqları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayaraq, son illərdə vəkillik sahəsində aparılan uğurlu islahatlar, VK-nın fəaliyyəti, görülən çoxşaxəli işlər, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətində vəkillərin rolu və mövcud durum barədə məlumat verib.

Həmçinin görüşdə Vəkillər Kollegiyasının Akademiyasının rəhbəri, VK-nın üzvü, hüquq elmləri doktoru, professor Əmir Əliyev çıxış edərək, Akademiyanın fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışıb.

Bakı Dövlət Universitetinin Hüquq (BDU) fakültəsinin dekanı Zaur Əliyev isə çıxışı zamanı professor L.Hüseynovun elmi-pedaqoji fəaliyyəti haqqında iştirakçıların diqqətinə çatdırıb. O qeyd edib ki, VK tələbələrə daim qayğı ilə yanaşır, bir çox layihələrin həyata keçirilməsində həmişə dəstək göstərib.

Görüşdə L.Hüseynov "Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan: nailiyyətlər və perspektivlər" mövzusunda çıxış edib, Avropa məhkəməsinin fəaliyyəti, beynəlxalq münasibətlərlə bağlı yeni çağırışlar barədə fikirlərini bildirib, bu sahədə olan təcrübəni diqqətə çatdırıb, qarşıda duran mühüm vəzifələrdən söhbət açıb.

Diskussiya şəklində keçən görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənib.

Qeyd edək ki, görüşdə hüquq ictimaiyyətinin nümayəndələri ilə yanaşı vəkillər, müəllimlər və tələbələr də iştirak edib.



  • 15-11-2023, 20:30