AZ   |   RU
Sahibə Qafarova: “Beynəlxalq ictimaiyyət qondarma rejimin "prezident seçkiləri"ni qəti şəkildə pisləməlidir”


"Beynəlxalq birliyin bütün üzvləri beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bu akta düzgün siyasi qiymət verməli, təcavüzkar separatizmə qarşı öz səslərini ucaltmalı və adı çəkilən qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməlidirlər".


Missiya.Az xəbər verir ki, bunu Bolqarıstan Respublikasında rəsmi səfərdə olan Milli Məclisinin sədri Sahibə Qafarova bu ölkənin Milli Assambleyasının sədri Rosen Jelyazkovla görüşdə bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni, qondarma rejimin “prezident seçkiləri” ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə aşkar şəkildə pozulmasıdır. Bu təxribatçı addım Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Görüşdə, həmçinin Ermənistanın “blokada”, “humanitar böhran” barədə yalan və əsassız iddiaları ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birbaşa hədəfə aldığını qeyd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, delimitasiya olunmamış sərhəddə və Qarabağ bölgəsində hərbi təxribatlar törətməkdə davam edir, Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minlik silahlı qüvvələrinə texniki, hərbi və maliyyə dəstəyini davam etdirərək, əvvəllər əldə edilmiş razılaşmaları və normallaşma prosesini pozur.



  • 12-09-2023, 22:15