AZ   |   RU
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov dəfn edilib


Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanmasından sonra işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilməkdədir.


Missiya.Az xəbər verir ki, bu işlər aparılan zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin nəşləri aşkarlanıb.


Aparılmış ekshumasiya zamanı şəxsiyyəti müəyyən olunmuş 10 nəfərindən biri Abşeron rayonu Qobu qəsəbə sakini, 1951-ci il təvəllüdlü gizir Hüseynov Gülverdi Ağahüseyn oğlu olduğu müəyyənləşib. Onun nəşi bu gün Qobu qəbiristanlığında nəvəsi - Vətən müharibəsi şəhidi Qasımov Gülverdi Abil oğlunun yanında dəfn olunub. 


Dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak ediblər. 


Gülverdi Hüseynov sovet ordusunda xidmət edən zaman Birinci Qarabağ müharibəsi başlayandan sonra vətənə qayıdaraq könüllü şəkildə cəbhəyə gedib və gizir kimi vətəninə xidmət edib. 26 yanvar 1992-ci ildə Gülverdi Hüseynovun Şuşa rayonu, Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Lakin həmin vaxt ərazidə döyüşlər getdiyi üçün şəhidin nəşini götürmək mümkün olmayıb.


Qeyd edək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən müharibəsində könüllü olaraq vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlib.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.


Mərasimdə şəhidin ailə üzvləri bildiriblər ki, uzun illər işğal olunmuş torpaqlarımızın azad edilməsini, şəhid Gülverdi Hüseynovun nəşinin tapılmasını, ziyarət edəcəkləri qəbrinin olmasını arzulayıblar. 31 ildən sonra şəhidin nəşinin gətirilərək uzun illər yaşadıqları Qobu qəsəbəsində dəfn edilməsini yüksək dəyərləndirən ailə üzvləri buna görə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkür ediblər. 




  • 23-08-2023, 19:36