Özünü ziyalı kimi təqdim edənlər pafosun girdabında gicəllənərək "Qubad İbadoğluna azadlıq" adı altında heç bir məntiqə sığmayan müraciət yayıblar.
Əslində bu sicilləmə müraciətə veriləsi dəqiq cavab iki sözdən ibarətdir: istintaq gedir. Orası da var ki, belə yanaşma sahiblərinə həqiqəti iki sözlə çatdırmaq mümkün olmur. Ona görə də ardını yazaq:
Müraciət müəlliflərinin günahsız hesab etdikləri şəxs barədə məhkəmə hökm verəcək. Hansı səviyyədə cinayət törətdiyini, yaxud törətmədiyini pafoslu müraciətlə müəyyənləşdirmək həm mümkün deyil, həm də Konstitusiya və bütün yerli, o cümlədən beynəlxalq qanunlara ziddir. Bu kimi müraciət istintaqın gedişinə müdaxilə etmək cəhdidir və elə bu faktın özü ermənilərdə belə bir fikir formalaşdıra bilər ki, Azərbaycan və azərbaycanlılar qanuni müstəvidə davranmağı bacarmırlar, hələ istintaq bitməmiş, məhkəmə hökm verməmiş, tutulan şəxsin deputat qardaşının "istintaqın demokratik prinsiplərlə obyektiv aparılacağına inanıram" deməsinə rəğmən özlərini ziyalı adlandıranlar ziyanlı mövqe sərgiləyirlər.
Yazırsınız ki, "artıq erməni mediası bu həbsi bəhanə edərək, "Azərbaycanda yaşayan ermənilərin amanda olmaması" barədə bəzi iddialar irəli sürürlər... ". Gör hansı çöpdən yapışmısız: Azərbaycan qanunlarına erməni peplikası ilə 'xox" edirsiniz.
Kimsə qanundan üstün ola bilməz və heç bir məntiq faktın dəmir məntiqi üzərində rəqs oynamağı bacarmaz, yıxılıb bərk əzilər.
Özünü ziyalı qələmə verənlər istintaq altında olan Qubad İbadoğlunun elmi və ictimai titullarını sadalayaraq elə fon yaradırlar ki, sanki hər hansı elmi dərəcəyə sahibsənsə cinayət edə bilərsən. Atalar sözüdür: "Bilmir qazanda bişən nədir, deyir bir çömçə də mənə ver".
Hadisəni qaranlığa dürtmək istəyən ziyalılar, Qubad İbadoğluya ünvanlanan ittihamların detallarından xəbəriniz varmı? Əlbəttə yoxdur. Düşünürsüz ki, onun həbsinin doğuracağı rezonansı əməliyyatçılar nəzərə almayıblar? İndi görün bu iqtisadçının suçu nə boydadırsa, tutulması qanunların aliliyi prinsipinin tələbi ilə baş verib. FETÖ terror təşkilatıdır. Adı terrorçulara xidmətdə hallanan şəxsi mətni pafosdan yoğrulan müraciətlə "aydan arı, sudan duru" kimi təqdim etmək çayxana ritorikasına pərçimləndiyinizi açıq göstərir.
Çayxanalarda inqilabi çıxışlar etmək dövrü çoxdan bitib. Masadan qalxın, içdiyiniz çayların pulunu verin, gedin rahatlanmağa. Azərbaycan qanunları, qaydaları öncə hər kəsi qorumaq, bütün azərbaycanlıların həyatına rahatlıq gətirmək üçündür. Narahatedici məqamlar da məhz bu səbəbdən dərhal aradan qaldırılır. Dövlət cəmiyyətin parçalanmasına, məkrli niyyətə malik insanların xarici sifarişlə Azərbaycanda xaos yaratmasına imkan verməz.
Elcan
Missiya.Az