
“Günortalar suyumuz olduqca zəif gəlir. 23:00-dan sonra isə su tamamilə kəsilir. Hər gün eyni vəziyyət yaşanır və işlərimizi görməkdə çətinlik çəkirik”.
Bu sözləri Missiya.Az-a müraciətində Bakının Xətai rayon sakini, Əhmədli metrosu yaxınlığında yaşayan Murad Poluxov deyib.
Şikayətçinin sözlərinə görə, bu halın hər gün baş verməsi onları ciddi şəkildə narahat edir. Belə vəziyyət işdən evinə yorğun qayıdan insanların əsəblərini daha da tarıma çəkir.
Məsələ ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə dəfələrlə müraciət ediblər. Qurumdan şikayətə baxacaqlarını söyləsələr də, lakin problemin həlli istiqamətində heç bir addım atılmayıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı ilə biz də əlaqə saxladıq. O bildirdi ki, bu ilin fevral ayının 1-dən qənaət rejiminə keçilib və gecə saatlarında bir çox ərazilərə anbar ehtiyatlarının toplanması məqsədilə verilən su azaldılır:
“Bəli Əhmədli metrosu istiqamətlərindəki ərazilərə səhər 6-dan saat 12-yə kimi və axşam saat 18:00-dan 23:00-a qədər suyun verilməsi yüksək məhsuldarlığı olan nasos stansiyalarındakı anbarlar vasitəsilə tənzimlənir. Amma gündüz saatlarında az məhsuldarlığı olan nasoslar işlədiyi üçün təzyiq aşağı düşür və su zəif gəlməyə başlayır”.

Qurumun mətbuat katibinin sözlərinə görə, bunların hamısı müəyyən olunmuş qrafikə uyğun həyata keçirilir.
Amma vətəndaşların çoxu sözügedən problemdən narahatdır. Suyun davamlı şəkildə, müəyyən saatlarda azalması və dayandırılması həmin ərazilərdəki sakinlərə ciddi çətinliklər yaradır.
“Qənaət rejimi nə vaxta kimi davam edəcək? İnsanların əziyyət çəkməməsi üçün hansısa tədbirlərin görülməsi mümkündürmü?” kimi suallara isə konkret cavab almadıq.
Ümid edirik ki, qeyd olunan problem qısa zamanda aradan qaldırılacaq.
Zərintac Mayisqızı
Missiya.Az