
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin dəstəyi, Türkiyə Mətbuat Federasiyası, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” təşkil edilib.
Missiya.Az xəbər verir ki, foruma Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, millət vəkilləri, Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan, Türkiyənin və Azərbaycanın tanınmış jurnalistləri və ictimaiyyət nümayəndələri qatılıblar.
Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və vətən uğrunda canını qurban vermiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Forumu açıq elan edən Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışıb. O bildirib ki, hər iki ölkənin ziyalılarını bir məkanda birləşdirən sözügedən forum media əlaqələrini yeni müstəviyə yüksəldəcək.
“Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin və Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü Aqil Ələsgər qardaş ölkədə hərbi çevrilişə cəhdin növbəti ildönümünə təsadüf edən forumun əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, Azərbaycan mətbuatında ilk dəqiqələrdən etibarən bu cəhd demokratiyaya qarşı zərbə kimi dəyərləndirilib, Türkiyə tarixində hərbi çevrilişlərin açdığı yaralara diqqət çəkilərək bunun arxasındakı səbəblər barədə mülahizələr izləyicilərlə paylaşılıb.
Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, millət vəkilləri Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova və digər ziyalılar iki ölkə arasında əlaqələrin son illər daha da artdığını və münasibətlərin ən yüksək inkişaf səviyyəsinə çatmasında prezidentlərin önəmli rol oynadığını bildiriblər.
Çıxışlardan sonra Forum öz işini “15 İyul” və “Media və qardaşlıq” başlıqlı panel müzakirələri ilə davam etdirib.




Zərintac Mayisqızı
Missiya.Az