“Şəmkir Qadın Resurs Mərkəzi” ictimai birliyi tərəfindən icra olunan, Azərbaycan Respublikası Qeyri Hökümət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Qadın gülərsə, bəşəriyyət güləcək” layihəsi çərçivəsində Şəmkir rayonunun kəndlərində təlimlərə start verilib.
Missiya.Az xəbər verir ki, növbəti təlim-seminar 28 apreldə Sabirkənd kəndində keçirilib. Layihədə nəzərdə tutulduğu kimi 15 nəfər qadın təlimlərə cəlb olunub.
Təlimdə layihə çərçivəsində hazırlanmış maarifləndirici materiallar iştirakçılara təqdim edilib.
Sabirkənd kənd İƏD üzrə nümayəndə, bələdiyyə üzvləri və digər tərəfdaşlar layihə haqqında öz fikirlərini bölüşüblər.
Təlimdə iştirakçılara üç əsas istiqamət üzrə: qadın hüquq və azadlıqları, o cümlədən mülki hüquqlar haqqında, mobbinq və əmək hüquqlarının pozulması haqqında, təhsil hüququnun təmin olunması haqqında ətraflı məlumat verilib. Qarşılıqlı dialoq şəraitində keçən təlim-seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, layihənin davamlılığının vacibliyi vurğulanıb.
Sonda layihənin əsas məqsədi qadınların həyatın bütün sahələrində bərabər iştirakına maneələrdən biri olan qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına töhfə vermək, şəhərlərə nisbətdə zərərli gender steotiplərinin daha yaygın olduğu bölgədə ailədə, məişətdə, iş yerində qadınlara qarşı diskriminasiyanın son illər artan dinamikasını azaltmaq, bu istiqamətdə həyata keçirilən mövcud təşəbbüsləri dəstəkləmək olduğu qeyd edilib.