AZ   |   RU   |   Köhnə versiya

Qafqazda ABŞ-Türkiyə-Rusiya qarşıdurması - Azərbaycan nə qazanacaq? - ŞƏRH


İkinci Qarabağ Müharibəsindən sonra regionda kommunikasiyalarının açılması məsələsi əsas müzakirə mövzularından birinə çevrilib. Nəqliyyat yollarının açılması 10 noyabr üçtərəfli bəyanatında da öz əksini tapıb. Amma Ermənistandakı bəzi qüvvələr bəyanatın müvafiq bəndini pozaraq kommunikasiyalarına mane olmağa çalışır. 

Buna baxmayaraq, nəqliyyat dəhlizinin yaradılmasında maraqlı olan regional güclər, məsələnin gündəmdən düşməsinə imkan vermir. Məsələn, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Azərbaycan-Ermənistan sərhədi açılmalıdır” çıxışından sonra, Rusiya XİN-nin Ankara və Moskvanın Cənubi Qafqazda kommunikasiyanın bərpası işlərinin davam etdirilməsi ilə bağlı razılığa gəldikləri barədə verdiyi bəyanat prosesin sürətlənəcəyinə işarədir. 

Lavrovun və Rusiya XİN-nin kommunikasiyaların açılması ilə bağlı ard-arda verdiyi bəyanatları Missiya.Az-a şərh edən Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov bildirib ki, Moskvanın Ankara ilə razılığa gəldiyini bəyan etməsi, Türkiyənin Cənubi Qafqazdakı proseslərlə rolunun daha da artdığını deməyə əsas verir.

Sitat:  “44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Rusiya Cənubi Qafqazada Azərbaycan və Ermənistan arasındakı münaqişədə əsas arbitir roluna yenidən yiyələndi. Rusiya bununla ABŞ və Fransa qarşısında bir neçə addım irəliləmiş oldu və gələcəkdə Cənubi Qafqazdakı baş verəcək proseslərə təsir etmək şansı ələ etdi. Təbii ki, Rusiya ilə bərabər Türkiyənin də Cənubi Qafqazda hərbi, siyasi və iqtisadi gücü artdı. Ankara öz məqsədlərinə çatmış oldu. Hər kəsə məlumdur ki, Rusiya-Türkiyə dialoqu Cənubi Qafqazdakı proseslərdə Minsk Qrupundan daha effektivdir. Ankara və Moskva Liviya, Suriya, Ukrayna və Cənubi Qafqaz məsələlərində dil tapmağı bacarıblar” - sitatın sonu. 

Politoloqun sözlərində görə, Moskva uzun müddət idi ki, Ankaranı Qafqazdakı proseslərə cəlb etmək istəmirdi.

Sitat:“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə dəfə Qarabağ məsələsini Rusiya prezidenti Vladimir Putin qarşısında qaldırmasına baxmayaraq, Moskva Ankara ilə münaqişəni müzakirə etməkdə maraqlı deyildi. Lakin 44 günlük müharibədə baş verənlər Rusiyanın da reallıqları qəbul etməsinə gətirib çıxardı. Moskva bir növ bölgədəki reallıqla barışmağa vadar oldu. Rusiya gördü ki, Cənubi Qafqazın gələcəyində Türkiyənin maraqlarını nəzərə almağa məcburdur. Təbii ki, “Zəngəzur dəhlizi”nin reallaşması Avrasiyanın orta xətt istiqamətində ciddi şəkildə geosiyasi və iqtisadi konfiqurasiyanın dəyişməsinə səbəb olacaq. Prosesdə Rusiya ilə bərabər Türkiyənin də rolu böyükdür" - sitatın sonu.

Zaur Məmmədov bildirib ki, Azərbaycan Türkiyə-Rusiya yaxınlaşmasından maksimum dərəcədə istifadə etməlidir.

Sitat: “Ümumilikdə, Türkiyə və Rusiya arasında yaxınlaşmanın kökündə Ərdoğanla Putinin  münasibəti dayanır. Gələcəkdə Cənubi Qafqazda və Ukraynada Ankara-Moskva toqquşması ola bilər. Ona görə də Azərbaycan Rusiya və Türkiyənin hazırki yaxınlaşmasından istifadə etməlidir. Nə qədər ki, Moskva-Ankara münasibətlərinin isti, İrəvan-Moskva əlaqələri soyuqdur, Azərbaycan bundan maksimum dərəcədə yararlanmalıdır. Necə ki, 44 günlük müharibə zamanı istifadə etdik” - sitatın sonu. 

Politoloq Putin-Bayden, Bayden-Ərdoğan görüşləri ərəfəsində Rusiya XİN-nin Türkiyə ilə razılığa gəldikləri barədə yaydığı bəyanatın əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, ABŞ Rusiyanın Cənubi Qafqaza təsir etmək və kommunikasiyaların açılmasında aktiv rola sahib olmaq istəyindən qıcıqlanır. 

Sitat: “Nəqliyyat dəhlizi ciddi nüfuza malik layihədir. 1990-cı ilin əvvəllərindən başlayaraq ABŞ tərəfindən “Zəngəzur dəhlizi” layihəsi dəstəklənirdi. Bu dəhliz barədə müxtəlif ekspertlər tərəfindən müsbət fikirlər səsləndirilirdi. 90-cı illərin sonlarında Ermənistan parlamentində baş verən terror hadisələri, bölgədəki digər proseslər dəhliz məsələsini gündəmdən saldı. Lakin bu mövzu indi aktualdır. Əgər əvvəllər dəhlizlə, Ermənistan-Türkiyə sərhədinin açılması ilə  bağlı ABŞ canfəşanlıq göstərirdisə, bu gün biz Rusiyanın fəallığının şahidiyik. Rusiya aktiv şəkildə həm sərhədlərin açılmasında, həm də “Zəngəzur dəhlizi”nin reallaşmasında maraqlıdır. Moskva əldə etdiyi şansı itirmək istəmir. Buna görə də Avropa İttifaqı, Fransa və ABŞ tərəfindən bölgədə baş verən proseslərə qısqanclıqla yanaşılmasının şahidi oluruq. Təbii ki, Çin, Türkiyə və Rusiyanın maraqlı olduğu bu layihənin reallaşması istər-istəməz ABŞ-ı da hərəkətə keçirəcək. Bu məqamda Vaşinqtonun hansı qərarlar qəbul edəcəyi olduqca maraqlıdır” - sitatın sonu. 


Politoloq ABŞ-ın indiki halda Azərbaycan və Ermənistan arasında balansı qorumaqda maraqlı olduğunu deyib.

Sitat: “Bundan başqa, ABŞ istəyir ki, hər iki ölkədə Rusiyanın nüfuzdan salınması üçün ciddi şəkildə fəaliyyət göstərsin. Digər tərəfdən, Bayden-Ərdoğan görüşündə ABŞ prezidentinə izah ediləcək ki, Ankara Vaşinqtonun müttəfiqidir və Türkiyə olmasa Cənubi Qafqazda tək söz sahibi Rusiya olacaqdır. Ona görə də Vaşinqton Ankaraya mane olmamalıdırlar. Əksinə, ABŞ NATO-dakı müttəfiqi Türkiyənin regiondan daha da güclənməsi ilə barışmalı və öz dəstəyini göstərməlidir. Çünki Türkiyənin Cənubi Qafqazda güclənməsi NATO-nun bölgədə güclənməsi deməkdir. Təbii ki, Türkiyənin regiondan güclənməsi Azərbaycanın maraqlarına uyğundur” - sitatın sonu. 

Elvin
Missiya.Az

Baxış sayı: 123
  • 10-06-2021, 14:40