“Ermənistanın Baş naziri Nikol Paşinyan 23 mart 2023-cü il tarixində bəyanat verərək, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtma hüququna xələl yetirməyə çalışmışdır”.
Missiya.Az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
“Ermənistanın hökumət başçısı Qərbi Azərbaycan mövzusunu ərazi məsələsi kimi təqdim etməyə çalışmışdır. Azərbaycanlıların indiki Ermənistandan qovulana qədər orada kompakt yaşamış olması faktını qeyd etməklə bərabər vurğulamaq istərdik ki, Qərbi Azərbaycan mövzusu insan hüquqları məsələsidir və bu məsələ Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib.
Bir daha vurğulayırıq ki, biz Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli hüququmuzdur.
Ermənistanın Baş naziri başqa ölkələrdə etnik azlıqların vəziyyəti ilə bağlı iftira atmaq əvəzinə, Ermənistandan qovulmuş azərbaycanlı sakinlərin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalı, orada azərbaycanlıların yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə və Azərbaycan mədəni irsin dağıdılmasına son verməlidir.
Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində həll edilməlidir. Ermənistandan qovulmuş azərbaycanlılar öz evlərinə qayıtması və onların orada fərdi və kollektiv hüquqları təmin edilməsi regionda davamlı sülhün zəruri şərtidir”, - bəyanatda qeyd olunub.
Bizim Telegram kanalımıza abunə