AZ   |   RU
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü türk xalqları arasında birliyin təcəssümüdür


Mart ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsada Prezident İlham Əliyevin qardaş ölkəyə dəstəyi səbəbilə Zirvə görüşünün Ankarada keçirilməsi ilə bağlı təklif irəli sürdü. Azərbaycan-Türkiyə qardaşlığının və Türk dünyasında qarşılıqlı dəstəyin ifadəsi olan bu təşəbbüs bütün üzv dövlətlərin rəhbərləri tərəfindən yekdilliklə qəbul edildi.

    Sammiti giriş sözü ilə açan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz nitqində bu mövzuya toxunaraq, “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm” ifadələrini işlətdi.

    Baş vermiş təbii fəlakətdən dərhal sonra ölkəmizin Türkiyəyə göstərdiyi qardaşlıq dəstəyi və həmrəyliyi, həmçinin zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ölkəmiz tərəfindən edilən humanitar yardımlar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında öz əksini tapdı.

    Zirvə görüşü Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə əlaqədar məsələlərin müzakirəsi baxımından ən yüksək platformadır. Görüşdə Türk Dövlətləri Təşkilatı daxilində fövqəladə vəziyyət zamanı sıx əməkdaşlıq və kordinasiya işlərinin yaradılması və bu formatda sammitlərin əhəmiyyəti ilə bağlı müzakirələr aparıldı.

    Qeyd etmək istəyirəm ki, Türk dünyası ölkələri ilə Xəzər hövzəsində neft-qaz və elektrik enerjisi sahəsində illərdir əməkdaşlıq mövcuddur. Azərbaycan, Türkmənistan və Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarına neft ixrac edir. Eyni zamanda Cənub Qaz Dəhlizi sayəsində Avropanın enerji təhlükəsizliyində türk dövlətlərinin rolu getdikcə artır.

    Həmçinin söhbət zamanı çıxış edən ölkə rəhbərləri regional məsələlər və yeni çağırışlarla bağlı məsləhətləşmələr apardılar.

    Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi mesajlar xüsusi vurğulanmalıdır.

44 günlük Vətən müharibəsində qardaş Türkiyənin müharibənin sonunadək Azərbaycanın yanında olduğunu bildirən Prezident İlham Əliyev 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsinin münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığını qeyd etdi. Türkiyə bu gün dünyada hesablaşılan və hörmət edilən güclü dövlətdir.

Çıxışda Azərbaycan-Ermənistan arasında müharibədən sonrakı dönəmdə münasibətlərin normallaşması üçün tərəfimizdən irəli sürülən ədalətli sülh müqaviləsi və Ermənistanın 2020-ci il noyabrın 10-da imzalamış üçtərəfli Bəyanata görə məsuliyyət daşımalı olduğu xüsusilə vurğulandı.

Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınan Ermənistan etnik təmizləmə siyasəti nəticəsində tarixi torpağımızdan didərgin düşən Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.

Əzəli yurdumuz olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabrında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb oldu. 

Bir sözlə  Ankara Sammiti türkdilli dövlətlər arasında iqtisadi, siyasi, müdafiə və digər sahələrdə əməkdaşlığın daha uğurlu inkişafına töhfə verəcək.


 Eldəniz Zeynalov


 Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı




  • 18-03-2023, 22:02