2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz xalqımızın əsrlər boyu qeyd etdiyi ən qədim bayramlarından biridir. Bəzi xalqlar ta qədimdən yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış və bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi qəbul edərək bayram etmişlər.
Xalqımızın zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən Novruz tarixi inkişaf boyunca keçməkeşli yol keçsədə unudulmayan və öz adət-ənənələrini nəsildən-nəsilə ötürərək qoruyub-saxlayan milli bayramdır. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, özünün yaratmış olduğu bu adət-ənənələri zamanın dəyişməsinə baxmayaraq, yaşatmağı bacarmışdır.
Novruzun gəlişi hər zaman evlərə, ailələrə şadlıq və sevinc gətirmiş. Hər kəs bu bayramı yüksək təntənə və ruh yüksəkliyi ilə qeyd etmişdir.
Novruz təzə il, baharın gəlişi-həyatın canlanması deməkdir. Novruzun gəlişi ilə həyat-təbiət oyanır. Novruza bir ay qalmış dörd çərşənbə axşamını qeyd edilir. Bu çərşənbələrin hər biri insanların yaşaması üçün vacib olan dörd ünsürdən ibarətdir. Bu ünsürlər od, torpaq, su və havaya (yelə) həsr olunur. Novruzun simvolu bolluq və bərəkət rəmzi olan səmənidir.
Ulu Öndər Heydər Əliyevin: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” sözləri bu gün reallığa çevrilib.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad edərək, Azərbaycan xalqının ali hədəfini, ümummilli lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Xalqımız artıq həmin tarixi torpaqlarında Novruz bayramını sevinc və qürurla qeyd edir.
Sülhü və tolerantlığı tərənnüm edən Novruz bayramında küsülülər barışır, qohumlar bir-birini ziyarət edir və bayram süfrələri açılır.
Bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər kəsə ruzi-bərəkətli və sağlıqlı günlər arzu edirəm.
Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı