SOCAR 2022-ci il üzrə əsas istehsalat göstəricilərini açıqlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Məlumata görə, enerji bazarlarında müşahidə edilən volatilliyə, həmçinin qlobal iqtisadi aktivliyin zəifləməsinə baxmayaraq, SOCAR ötən istehsalat ilini uğurla başa vurmağa nail olub.
2022-ci ildə SOCAR tərəfindən 73 min metrdən çox qazma işləri həyata keçirilib. Bu, 2021-ci ilin nəticələri ilə müqayisədə 18,6 faiz çoxdur. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,8 milyon ton neft, 8,1 milyard kubmetr qaz hasil olunub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatında 2,7 faiz artım qeydə alınıb. Ölkə üzrə qaz hasilatında da artım tendensiyası davam edib və 2021-ci illə müqayisədə 6,6 faiz artaraq, 46,7 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2022-ci il ərzində Azərbaycanda 32,6 milyon ton xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təqribən 2,6 faiz artaraq 18,5 milyon tona yüksəlib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 19,3 faiz artaraq 22,4 milyard kubmetrə yaxın olub.
Hesabat dövründə SOCAR tərəfindən Gürcüstana ixrac olunan qaz həcmləri 22,2 faiz artaraq 1,4 milyard kubmetr təşkil edib. Ötən il ölkədə ümumilikdə 13,5 milyard kubmetrdən çox təbii qaz istehlak olunub, bu isə əvvəlki illə müqayisədə 4,4 faiz çoxdur.
2022-ci ildə SOCAR tərəfindən 6,2 milyon ton neft, 3,5 milyard kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.