"Aqolli ilə dünən danışdım. Məni təbrik etdi və bəzi məsləhətlər verdi".
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Redon Cica "Panoramasport" nəşrinə açıqlamasında deyib.
25 yaşlı futbolçu bildirib ki, Ağdam klubuna transfer olunduqdan sonra "köhlən atlar"ın sabiq müdafiəçisi Ansi Aqolli onunla əlaqə saxlayıb: "Söhbətimiz çox da uzun çəkmədi. "Qarabağ"ın tarixi ilə qısaca maraqlandım. Gördüyüm qədərilə, Aqolli burada əfsanə idi".
Bakıya dünən gəldiyini söyləyən albaniyalı hücumçu yavaş-yavaş şəhərə alışdığını gizlətməyib: "Hələlik hər şey yaxşı görünür. Düşünürəm ki, adaptasiya prosesi çox tez keçəcək. Açığı, bu transfer baş tutana qədər heç nə bilmirdim. Oyun günü mənə dedilər ki, hər şey bitdi".
"Qarabağ"a ölkəsinin "Tirana" klubundan keçən forvard "Sabiq komandanızda bu transferi necə qarşıladılar" sualına belə cavab verib: "Ola bilsin ki, komandanın bombardiri olduğum gedişimə üçün bir az üzüldülər. Amma kluba gəlir gətirdiyimə görə də sevindilər. Bu, mənim üçün ölkə xaricində ilk təcrübədir. İrəliyə doğru başqa addımlar da ata bilərəm. "Tirana"dan ayrıldığım üçün təəssüflənmirəm. Çünki orada ölkə çempionu və bombardir oldum. Paytaxt klubunda xoşbəxt idim. Darıxacağam, çünki il yarım onlarla dost yox, ailə kimi olmuşuq. Şəhər üçün darıxacağam. Amma buna ən qısa zamanda uyğunlaşmağa çalışacağam. Söz verdim ki, mayda gəlib 30-cu titulu qazanmalarını canlı izləyəcəyəm".
Cica "Qarabağ"da çox yaxşı qarşılandığını etiraf edib: "Klubun direktoru və digər işçilər məni isti qarşıladılar. Azarkeşlər çoxlu sayda xoş mesajlar göndərdilər. Məşqçi və futbolçularla hələ görüşməmişəm, Çünki Bakıda deyillər, səfər oyunu var idi. Sabah hamısını görəcəyəm. Komanda Konfrans Liqasının pley-offundadır. Buna görə xoşbəxtəm. Ümid edirəm ki, qol vurub yola davam etməyimizə köməklik göstərəcəyəm".
O, Azərbaycan çempionununu "Tirana" ilə müqayisəsini də aparıb: "Əslində oyun üslubunda o qədər də fərq yoxdur. Eyni tərzdə çıxış edirlər. İnanıram ki, bu amil komandaya tez uyğunlaşmağıma şərait yaradacaq".
Futbolçu ailəsinin bu keçidə görə sevindiyini bildirib: "Albaniyanı tərk etməyimi gözləyirdilər. Eyni zamanda, hər gün ölkəmdə ola bilməyəcəyim üçün üzülürəm. Amma bu, futboldur. İndi öz yolumla gedəcək, irəliyə doğru addımlayacağam".
Qeyd edək ki, Redon Cica "Qarabağ"la 3,5 illik müqavilə imzalayıb.