Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ABŞ-lı həmkarı Lloyd Oustin arasında telefon danışığı olub.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər regional və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Söhbət zamanı nazir Akar Türkiyə və ABŞ-ın mühüm müttəfiqlər olduğunu bildirib.
“Antiterror əməliyyatları Türkiyənin Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ çərçivəsində həyata keçirilir. Əməliyyatların məqsədi mülki əhalinin və ölkə sərhədlərinin təhlükəsizliyini təmin etməkdir”, - deyə Akar vurğulayıb.
Akar Türkiyənin İŞİD və bütün digər terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlığa hazır olduğunu da sözlərinə əlavə edib.
Türkiyəli nazir qeyd edib ki, əməliyyatların yeganə hədəfi terrorçulardır, koalisiya qüvvələrinə və ya mülki əhaliyə zərər vurmaqdan söhbət gedə bilməz.
Daşqın Həsənov
Missiya.Az