Azərbaycanın Baş Naziri Əli Əsədov “Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin zirvəsidir. Bəyannamə münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə qaldırdı” deyib. Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov işğaldan azad edilmiş Şuşanın tarixi-mədəni yerlərini ziyarət etdikdən sonra vitse-prezident Fuad Oktay ilə birgə mətbuat konfransında çıxış edib.
Azərbaycanın 44 günlük vətən müharibəsində əldə etdiyi uğurların ölkə tarixinin ən mühüm qələbələrindən biri olduğunu qeyd edən Əli Əsədov deyib: "Şuşanın azad edilməsi tarixə qələbə günü kimi yazılıb. Azərbaycana yaxın olan bütün xalqlar Şuşa işğaldan azad olunmasını bizimlə bərabər qeyd edir".
Türkiyə ilə Azərbaycanın misilsiz dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin olduğunu vurğulayan Baş nazir, "Şuşa Bəyannaməsi iki ölkə arasında əlaqələrin zirvəsidir. Bəyannamə əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə qaldırdı" deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin yaxın dostluqlarının iki ölkə arasındakı münasibətlərə böyük təsir göstərdiyini vurğulayan Əli Əsədov ölkələrimiz arasında müttəfiqlik əlaqələrinin hər sahədə inkişaf etdiyini bildirib.
Baş nazir, "44 günlük vətən savaşının ilk anlarından Azərbaycan dövlətinin və xalqının yanında olan Prezident Ərdoğana və türk xalqına minnətdarlığını bildirib, bu dəstəyi heç vaxt unutmayacağıq" deyib.
Aqil MusaMissiya.Az