Bir sıra ölkələr Azərbaycanın aqrar sığortada peyk məlumatlarından istifadə təcrübəsi ilə maraqlanır.
Missiya.Az xəbər verir ki, bu barədə Tbilisidə keçirilən Aqrar Sığorta üzrə Beynəlxalq Konfransda Aqrar Sığorta Fondunun nümayəndələrinin iştirakı ilə müzakirə olunub.
Konfransda kənd təsərrüfatı sığortası sahəsində dünyanın aparıcı ekspertləri, aqrar sığorta və təkrarsığorta bazarlarının mütəxəssisləri öz təcrübələrini bölüşüblər.
Aqrar sığortada risk portfelinin idarə edilməsi, zərərlərin tənzimlənməsinin texniki aspektləri, innovativ sığorta həllərinin hazırlanmasında müasir texnologiyaların və peyk məlumatlarının tətbiqi ilə bağlı da fikir mübadiləsi aparılıb.
Konfransda Azərbaycanın aqrar sığorta sistemi ilə bağlı təqdimat edilib, əldə olunan uğurlar və gələcək perspektivlər barədə iştirakçılara məlumat verilib.
Tədbir çərçivəsində Fondun nümayəndələri təkrarsığortaçılarla və aqrar sığorta sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla gələcək əməkdaşlıqlarla bağlı görüşlər keçirib.
Qeyd edək ki, konfransa 25 ölkədən 100-dən çox nümayəndə qatılıb.