Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin təmizlənməsi əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılan tələ-minalara rast gəlinib.
Bu barədə
Missiya.Az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, eləcə də PMN-Э Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunub.
"Yüksək partlayışın baş verməsi məqsədilə partlayıcı qurğuları birləşdirməklə faciənin miqyasını böyütmək düşmənin insanlıq əleyhinə düşünülmüş xəyanətkar xislətidir. Bu kimi faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətinin davam etdirdiyinin göstəricisidir. Tələ-minaların, ölüm ehtimalını artıran mina-sürprizlərin quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir", - məlumatda vurğulanıb.
Xatırladaq ki, ANAMA-nın Təmizləmə Qrupları Laçın rayonunda minatəmizləmə əməliyyatlarını davam etdirir.