AZ   |   RU
Məsuliyyətsiz məmurlar, yarıtmaz qurumlar - Bakının dərdi var, Bakı xəstədir..


Bu günü çox gözlədik. Bakıya qar yağmasını həsrətlə gözlədiyimiz gün nəhayət ki, gəlib yetişdi. Zəfər sevincinə bənzər bir hissdir bu.Və bu da bir həqiqətdir ki, Bakıya yağan qar, sadə bir Bakı sakininin yaşayacaqları, bir əsgərin döyüş qabağı nəyə hazır olacağı, necə döyüşə atılacağı ilə bağlı qurduğu taktiki döyüş planının eynisini əks etdirir. 

Bəli, bu yolda ağır sınaqlar, hətta ölüm var. Düz bir həftədir ki, aidiyyatı qurumlar paytaxtda havanın kəskin dəyişəcəyi, qar yağacağı və çovğun haqqında məlumat verirdilər. Hətta məsələ ilə bağlı bütün bu qurumlar  səfərbər olub bir qərargah da yaratmışdılar. Bakı sakinləri də həsrətlə gözlədikləri bu anın dadını çıxarmaq üçün  “Qar qərargahına” etimad göstərib düşünürdülər ki, bu döyüşdən alnı açıq, üzüağ, xoşbəxt bir vətəndaş olaraq çıxacaqlar. Amma necə deyirlər, sən saydığını say...

Bütün döyüşlərdə olduğu kimi, qələbə qazanmaq tək əsgərdən asılı olsaydı, dərdimiz nə idi ki. Bu işlərin başında öz xidməti peşəsində “zabit” olanlar fəaliyyətsizdirsə, heç bir uğurun xəyalını qurmaq olmaz. 



Qar yağıb, qardaş...

Nə güllə var, nə minaatan, nə də top...

Yollar buz bağlayıb, minalanmayıb, ey qərargah üzvləri!


Bu gün Azərbaycanın paytaxtı Bakı, adi bir qar yağıntısına görə iflic vəziyyətindədir. Yağıntı o qədər çox olmasa da, gecə saatlarından yollarda baş verən qəzalar, nəqliyyatın hərəkətsizliyi xəbərləri  bütün medianın manşetinə çevrilib. Gecədən səhərə qədər sabah işə gedənlər üçün nə bir texnika, nə canfəşanlıq edən aidiyyatı qurum əməkdaşlarının fəaliyyətini əks etdirən bircə görüntü də tapa bilməzsiz, sosial şəbəkələrdə. Hələ işə gedib çıxa bilməyən, yarı yoldan geri qayıdan vətəndaşların halını demirik. Əksəriyyət avtomobillərini həyətdə saxlayıb, ictimai nəqliyyata üz tutmaq istəsə də çifayda. İctimai nəqliyyat havada uçmur axı, o da buz bağlamış yollarla hərəkət edir. Bəs niyə bu yollar təmizlənməyib? Bəs niyə axı, hər prospekt, hər küçəyə müvafiq texnikalar cəlb olunmayıb? Deyəsən qərargah üzvləri heç özləri gəlib işə çıxa bilməyiblər! Hamı kimi evdən işləyirlər.



Bu vəziyyətin yalnız bir adı var – Yerinizdə deyilsiz, cənablar! 

Bacarmırsız! Nə işləməyə, nə də işinizin başında durmağa qərarlı deyilsiz! 


Yolu qoyduq bir kənara. Şəhərin dörd yanında qaz kəsilib, işıq yoxdur, su boruları donub, internet rəsmən boykot edir. Bəs bunu nə edək? Votsap qruplarındakı gedən söhbətləri dinlədikcə, insan özünü Leninqradın 2-ci Vətən Müharibəsindəki blokadaya düşmüş vəziyyətində hiss edir. Yaranmış vəziyyətlə əlaqədar  üzərilərinə düşən işdən bir növ yaxa çəkmək, can qurtarmaq üçün əndrabadi açıqlamalar verən bu qurumlar, doğurdanmı, sosial medianı izləmir, ətraflarına nəzər salmırlar? Bu gün Bakıda həyatın durduğunu anlamaq bu qədərmi çətindir?



Hidrometerelogiya idarəsinin məlumatında deyilir ki, kəskin hava şəraiti cəmi iki gün çəkəcək. Allah üzümüzə baxıb. Allaha min şükür ki, çox nadir hallarda bizə qar sevinci yaşadır. Cəmi bir gecə və qar Bakıda həyatı tamamilə dondurur. Bu gün həm də  qeyri-ixtiyari hamının dilində ancaq bir ifadə donub qalıb – “Bakıya qar yaraşmır”! Hamımızın dilində, düşüncəsində bu kəlmələri donduran qar deyil, ama. Qarı Bakıya yaraşdıra bilməyən bir-birinə zəncir kimi bağlı olan əlaqədar qurumlardır. 

İllər bir-birini əvəzləyir, bizə isə qarın Bakıya yaraşacağı günü gözləmək qalır. Görünən odur ki, qar sevincini yaşamaq üçün, yenə də cənab prezidentin “Dəmir Yumruğuna” ehtiyac olacaq. Vacibdir ki, bu yumruq, yerində olmayanların başına endirilsin ki, bəlkə bu döyüşdən də qələbə ilə çıxa bilək.

Missiya.AZ



  • 24-02-2021, 12:39