Prezident İlham Əliyev Laçın şəhərinin və ətraf kəndlərin də Azərbaycan ordusunun nəzarəti altına keçdiyini rəsmən elan etdi. Dövlət başçısı özünün “tvitter” səhifəsindəki təbrik paylaşımında bunları qeyd edib: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"Laçının siyasi danışıqlarla Azərbaycana təhvil verilməsi göstərir ki, prezident İlham Əliyev döyüş meydanında bənzərsiz sərkərdə olmaqla yanaşı, həm də məharətli diplomatdır. Bir daha aydın olur ki, İlham Əliyev milli maraqları bütün prinsiplərdən üstün tutur. Bəs görəsən, Laçının heç vaxt qayıtmayacağını deyənlər indi hansı hissləri keçirirlər? Yəqin ki, vicdanları varsa, xəcalət çəkərlər! Azərbaycan xalqı bir daha gördü ki, həmin satqınların məqsədi yalnız insanlarda ruh düşgünlüyü yaratmaqdan ibarətdir!
İndi həmin qruplara - bizə 30 il əvvəl Laçın xəcaləti yaşadanlara sual olunur: Bəs deyirdiyiniz üçtərəfli bəyanatın heç bir əhəmiyyəti yoxdur? Bəs sülhməramlılar Azərbaycanın tələblərini yerinə yetirmirdi?..
Təbii ki, onlar bu sualların qarşısında aciz vəziyyətə düşəcəklər! Dövlətin postmüharibə dövründəki Qarabağ siyasətinə nə qədər kölgə salmağa çalışsalar da, bölgənin gələcəyinə dair bədbin mesajlar versələr də, yenə Azərbaycanın siyasi rəhbərliyini hədəflərindən döndərə bilməyəcəklər. Azərbaycanın əlini gücləndirən səbəblərin kökündə dövlətin Qarabağla bağlı bütün prosesi beynəlxalq hüquqa və rəsmi sənədlərə uyğun şəkildə aparmasıdır. Əgər 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata Laçının və bölgədən keçən dəhlizin Azərbaycana təhvil veriləcəyi ilə bağlı bəndlər yer almasaydı, proses bugünki qədər asan olmayacaqdı. Məsələn, hər hansı beynəlxalq güc Azərbaycanın postmüharibə dövründə Qarabağla bağlı həyata keçirdiyi siyasətə qarşı çıxırsa, 10 noyabr üçtərəfli bəyanatı və ondan sonra Brüssel və Moskvanın vasitəçiliyi ilə imzalanan sənədlər həmin siyasi qüvvənin qarşısına qoyulur və susdurulur.
Azərbaycanın postmüharibə dövründə Qarabağla bağlı həyata keçirdiyi siyasətə bölgədəki separatçıların müqavimət göstərəcəyi əvvəlcədən aydın idi. Ona da şübhə yox idi ki, Prezident İlham Əliyevin bu varianta qarşı əvvəlcədən hazırlanmış xüsusi planı var. Məsələn, Laçının boşaldılmasını, dəhlizin təhvil verilməsini uzatmağa çalışan separatçılara avqustun əvvəlində həyata keçirilən “Qisas” əməliyyatı ilə sərt cavab verildi.
Bu əməliyyatdan sonra Laçın şəhərinin, şəhər ətrafındakı kəndlərin, həmçinin dəhlizin Azərbaycana təhvil verilməsi prosesinə başlanıldı. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Prezidentinin atdığı bütün addımlar dəqiq hesablamalara söykənir, risklər nəzərə alınır və istənilər forsmajor situasiyalara qarşı əvvəlcədən adekvat tədbirlər planlı hazırlanır. Görünən odur ki, satqınların Qarabağ ətrafında qurmaq istədiyi şou bu dəfə də iflasa uğradı. Düzdür, bölgəyə müvəqqəti yerləşdirilən sülhməramlıların ərazidən çıxarılmayacağına, Xankəndidə Azərbaycan vətəndaşlarının yaşamayacağına, polisimizin, hərbçilərimizin heç vaxt orada xidmət apara bilməyəcəyinə, “Zəngəzur dəhlizi”nin açılmayacağına inananlar hələ də var. Daha doğrusu, milli satqınlar indi də bu məsələlərlə bağlı “proqnozlar” verirlər. Amma Azərbaycanın qəti mövqeyi, siyasi və hərbi təzyiq metodları bir daha göstərir ki, Qarabağla bağlı qurulmuş siyasət heç vaxt kortəbii şəkildə aparılmayıb, bütün proseslər prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında, rəsmi sənədlərə və beynəlxalq hüquqa əsaslanaraq həyata keçirilir.
Əminik, Diplomatiya meydanındakı məharəti, sərkərdəsi olduğu Ordunun qüdrəti, milli maraqlara sökənən siyasəti, qətiyyət və prinsipiallığı, bütün bunların fonunda da ümumxalq dəstəyi İlham Əliyevi daha böyük uğurlara, qələbələrə aparacaq. Şanlı bayrağımızın Xankəndidə də dalğalanacağı artıq xəyal deyil, vaxt məsələsidir. Nəyi, necə və NƏ VAXT etmək lazım olduğunu isə İlham Əliyev çox yaxşı bilir. Hər halda Laçın həqiqəti bunu bir daha gün kimi aydın etdi.
Missiya.Az