Fazil Mustafa: "İrandakı soydaşlarımız hüquqlarının bərpası istiqamətində fəal addım atmalıdırlar"
Tural İsmayılov: "Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqları məsələsində İrana təzyiqlər artırılmalıdır"
İran İslam Respublikasının anti-Azərbaycan siyasəti günü-gündən daha da qərəzli xarakter alır.
44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun Ermənistan hərbi birləşmələrini darmadağın etməklə bölgədə geo-siyasi üstünlük əldə etməsi İranı daha da özündən çıxarıb.
Sirr deyil ki, Qarabağın işğal altında qaldığı, münaqişənin davam etdiyi 30 ildə İran həmişə məhz Ermənistana hərbi, maddi və siyasi dəstək verib. Bu da onu göstərir ki, İran heç vaxt qonşuluğunda güclü Azərbaycanı görmək istəməyib. İslam dövləti Azərbaycanın şanlı Qarabağ Zəfərini hələ də həzm edə bilmir.
Son zamanlar İranda müxtəlif din adamlarının, özünü ekspert kimi təqdim edən şəxslərin dilindən Azərbaycana qarşı təhdidlər eşidilir. Daha çox Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana sərt ismarıclar ünvanlanır. İran bölgədəki dəyişmiş geo-siyasi dəyişikliyə uyğunlaşa bilmədiyindən birbaşa hədə-qorxu, zor dilində danışır.
Əlbəttə, məsuliyyətsiz açıqlamalar, təhdid dolu bəyanatlar İranın özü üçün arzulanmaz gedişat vəd edir. Hər halda molla rejimi Arazın o tayında ürəyi Vətəni ilə bir döyünən 40 milyon soydaşımızı nəzərə almamaqla ciddi siyasi səhvə yol verdiyini anlamalıdır. Dövlətimizə qarşı iyrənc siyasi gedişlər Cənubi Azərbaycanın müstəqilliyi və azadlığını, ikinci Azərbaycan Dövlətinin yaranmasını qaçılmaz edir. Təbrizdə, Ərdəbildə milyonlarln bu həsrətlə yaşadığını bilməmiş deyillər. Adi futbol yarışlarında AZƏRBAYCAN deyib hayqıranların nəyə qadir olduğunu hesablaya bilirlər. Müstəqillik uğrunda mücadiləyə hər an hazır olan güneyli soydaşlarımız günlərin birində gerçək bir milli hərəkatla yola çıxarlarsa, İran hakimiyyəti bunun qarşısını ala biləcəkmi? Bölgədə nüfuzdan düşən, yalnız məkrli planlarla gündəmə gələn İran hökumətindən daha hansı addımları gözləmək olar?
Millət vəkili Fazil Mustafa
Missiya.Az-a açıqlamasında İranın Azərbaycana qarşı qərəzli münasibətinin səbəbini Ermənistanla münasibətləri ilə əlaqələndirib. O bildirib ki, rəsmi Tehran Azərbaycanın Qarabağı azad etməsinə imkan verməyəcəkləri ilə bağlı söz verib. “Azərbaycan Qarabağı azad etməklə İranı pərt edib. Bir sözlə, Ordumuzun torpaqlarımızı azad etməsi Tehranı çətin vəziyyətə qoyub. Çünki İranla sərhəd zonamızın talanmasında ermənilərdən çox cənub qonşumuzun rolu var. İran işğal dövründə sərhəd bölgədə yerləşən Zəngilan, Cəbrayil və Füzuli rayonunda vətəndaşlarımızın əmlakının talan edilməsinə imkan yaradıb, həmyerlilərimizə məxsus evləri söküb aparıb. Azərbaycan Qarabağı azad etdiyi üçün İran bu cinayətlərinin ifşa olunacağından narahatdır. Hələ də İran hakimiyyətinə aydın deyil ki, Azərbaycan bu torpaqları necə azad edib".
Fazil Mustafa bildirib ki, Cənubi Azərbaycan mövzusu Azərbaycan siyasətində arxa planda olan məsələdir: “Azərbaycan İranın daxili işlərinə qarışmaq niyyətində deyil. Amma Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza mənəvi və mədəni dəstək verilir. Orada yaşayan həmyerlilərimiz ilk növbədə İran daxilində hüquqlarının bərpası istiqamətində özləri fəal addım atmalıdırlar. Bütün hallarda biz İranın ərazi bütövlüyünə qarşı hər hansı addım atmırıq. Həmçinin Azərbaycan İranın daxilində təxribatçı fəaliyyətlə məşğul deyil. Gərək İran da qonşuluq prinsiplərinə əməl edərək, Azərbaycanla davranışlarına düzəlişlər etsinəlidir. İran Ermənistanla nə qədər yaxın olsa da, Azərbaycanın da maraqlarını gözardı etməməlidir. Çünki İranda milyonlarla azərbaycanlı yaşayır. Bu səbəbdən, biz öz dövlətimizin maraqlarını ciddi şəkildə qorumalıyıq, cəmiyyəti bu istiqamətdə səfərbər etməliyik. Yalandan insanların dini hislərini istismar edərək Azərbaycan xalqının əsirlərdir formalaşan, öz dövlətinə bağlılıq potensialını zəiflətmək üçün atılan addımların qarşısında cəsarətlə durmağı bacarmalıyıq.”
Mövzuyla əlaqədar politoloq Tural İsmayılov
Missiya.Az-a açıqlamasında bildirib ki, İran hakim dairələri daima anti-Azərbaycan mövqeyi ilə seçiliblər: “İranın anti-Azərbaycan mövqeyinin ən böyük səbəblərindən biri odur ki, Azərbaycanın regionun ən güclü dövlətlərindən birinə çevrilmə faktını qəbul etmirlər. Buna kifayət qədər qısqanclıqla yanaşırlar. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, bu gün güclənən Azərbaycan faktoru, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan və Türkiyənin dünyəvi proseslərdə, mühüm siyasi-iqtisadi qərarların qəbulunda yer almağı İran İslam Respublikası tərəfindən qıcıqla qarşılanır. Eyni zamanda, İran İslam Respublikası Zəngəzur dəhlizi layihəsinin reallaşmasına qarşı çıxaraq Azərbaycan və Türkiyəyə qarşı olan mövqeyini bir daha ortaya qoyur".
Politoloq qeyd edib ki, bu gün müxtəlif ekspertlərin dili ilə Zəngəzur dəhlizi və Azərbaycan əleyhinə aparılan kampaniyaların heç bir əhəmiyyət yoxdur: “Ümumilikdə, İranın yeni regional dəyişiklikləri qəbul etməkdən başqa heç bir yolu qalmayıb. Çünki Zəngəzur dəhlizi əvvəl-axır reallaşacaq. Bu dəhlizin reallaşmasında təkcə Azərbaycan deyil, regionun digər iki güclü ölkəsi olan Türkiyə və Rusiyanın da marağı var. İran isə sadəcə olaraq boş təhdidlərlə və eyni zamanda Azərbaycan əleyhinə İran cəmiyyətində nifrət təbliğatını qızışdırmaqla böyük ziyana uğrayır”.
Siyasi ekspert İrandakı azərbaycanlıların hüquqları barədə də danışıb: “Bu gün İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Həmin azərbaycanlılar sabah İranın Azərbaycana qarşı atacağı hər hansı addımlarda bütövlüklə İranın əleyhinə çıxış edəcək. Bu İranın özü üçün ciddi bir təpki, təzyiq halına gələcək. Güney Azərbaycan hər zaman oyaqdır. İndiyə qədər baş vermiş Səttərxan və Xiyabani hərəkatları göstərir ki, İranda güney azərbaycanlıların hüquqlarının pozulmağına qarşı azərbaycanlılar hər zaman tək ürək olublar. Ona görə də hesab edirəm ki, Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqları məsələsində də beynəlxalq təşkilatlar səviyyəsində İrana təzyiqlər artırılmalıdır. 40 milyona yaxın azırbaycanlının hüquqlarını tanımayan İran, dünyəvi dəyərlərdən nə qədər uzaq olduğunu bir daha nümayiş etdirir”.
Leyla Səməndər
Missiya.Az