İran İslam Respublikasının Ermənistanın Qafan rayonunda konsulluğu fəaliyyətə başlayıb. Əlbəttə, belə bir addım İranın özünün qərarıdır və Azərbaycan heç bir dövlətin daxili və xarici işlərinə qarışmır. Ancaq buradan maraqlı sual meydana gəlir. İran belə bir addımı niyə 44 günlük müharibədən əvvəl deyil, məhz indi, Ermənistan üzərində şanlı qələbəmizdən sonra atdı? Müşahidələr və faktlar göstərir ki, Azərbaycanın Ermənistan üzərində qələbə qazanması Tehranı narahat edib. Müharibə dövründə də İranın davranışlarını unutmamışıq.
Hazırda bölgədə dəngələr dəyişib və Azərbaycan qarşısına qoyduğu məqsədlərə doğru addım-addım irəliləyir. Bu isə İranda qıcıq yaradır. Qafanda Konsulluğun yaradılması da da elə bu qıcıqdan irəli gəlir. Ancaq rəsmi Bakının da İranın bu addımına qarşılıq verməyə imkanları genişdir. Məsələn, Azərbaycan öz növbəsində İsraildə səfirliyini açmaq üçün diplomatik səylərini gücləndirə bilər.
Ötən illər ərzində Bakı, iki dövlət arasındakı münasibətlərə xələl gəlməsin deyə kifayət qədər səbr nümayiş etdirdi. Ancaq indi İran bütün əndazələri aşır və Azərbaycanın maraqlarına qarşı açıq addımlar atır. Deməli, İranla yumşaq dillə yox, məhz başa düşəcəyi dillə danışmaq lazımdır. İranın Qafanda konsulluq açması daha çox Zəngəzur dəhlizinin açılmasına qarşı atılmış addımdır. Çünki Tehran bu dəhlizin açılmaması üçün dəridən-qabıqdan çıxır. Ancaq İran burada bir şeyi unudur ki, dəhlizin açılması ilə bağlı bəyanat Tehranın yox, Azərbaycan-Rusiya-Ermənistan liderlərinin iştirakı ilə imzalanıb və bəyanatın bu müddəası əvvəl-axır yerinə yetirilməlidir.
Hadisələrin gedişatı göstərir ki, dəhlizin açılmasında İrandan başqa bütün dövlətlər maraqlıdır. Dəhlizdə maraqlı olan əsas dövlətlərdən biri isə məhz Rusiyadır. Çünki Ukraynadakı müharibə səbəbindən Rusiya iqtisadiyyatı ağır böhran içindədir. Moskva bu dəhlizdən istifadə etməklə Ankara ilə birbaşa ticarət əlaqələrini genişləndirmək niyyətindərir. Çox ehtimal ki, avqustun 5-də Soçidə keçirilmiş görüş zamanı Ərdoğan və Putin Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparıb. İranın buna qarşı çıxması isə Tehranı Azərbaycandan başqa Rusiya və Türkiyə ilə üz-üzə qoya bilər. Belə bir məqam isə daha çox Tehranın zərərinə olacaq. Yaxşı olar ki, İran papağını, daha doğrusu əmmaməsini qabağına qoyub yaxşı-yaxşı fikirləşsin. Axına qarşı üzmək heç də yaxşı əlamət deyil.Daşqın HəsənovMissiya.Az