"Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var. Bu, bizim daxili işimizdir".
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
“Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən. Mən də demişəm bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm”, - deyən dövlət başçısı qeyd edib ki, yeni Laçın yolunun inşası zamanı biz bunu gördük.
Çünki biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, yerli əhalidən qoruyurdu, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar orada var idi. Bir müddətdən sonra onlar çıxıb getdilər.
Təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiya sülhməramlısının olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Bizim inşaatçılar orada, kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi. Təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik.
Ermənistanın tarixində, nəinki Qarabağın, belə keyfiyyətli yol olmayıb. Onların tikdirdiyi yollar indi dağılır, hələ bir il keçməyib. Ona görə bu təmaslar artıq gedir və bu, çox önəmlidir. Mən də bunu alqışlayıram. İnsanlar arasındakı təmaslar uzunmüddətli sülhə xidmət göstərəcək”.