ABŞ Prezidenti Cozef Bayden Nyu-Meksiko ştatında bir neçə müsəlmanın qətlə yetirilməsindən qəzəbləndiyini bildirib.
Missiya.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sosial şəbəkə hesabında yazıb.
“Albukerkedə dörd müsəlman kişinin dəhşətli qətli məni qəzəbləndirir və kədərləndirir. Tam araşdırmanı gözlədiyimiz müddətdə dualarım ölənlərin ailələri ilədir və Administrasiyam müsəlman icmasının yanındadır”, - ABŞ rəhbəri tviter hesabında vurğulayıb.
“Bu mənfur hücumlara Amerikada yer yoxdur”, - Bayden əlavə edib.
Qeyd edək ki, hadisə Nyu-Meksiko ştatının Albukerke şəhərində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silahdan açılan atəşlə qətlə yetirilmiş 3 müsəlmanın meyitini aşkarlayıblar. Bundan sonra müsəlman olduğu bildirilən və odlu silahla öldürülən dördüncü şəxsin də meyiti aşkarlanıb.
Şəhərinin səlahiyyətli şəxsləri qətllər arasında əlaqənin olduğunu vurğulayıblar.
Albukerke Polis Departamentinin rəisi Harold Medina keçirdiyi mətbuat konfransında "Bu atışmalar narahatedicidir" - deyib.
Polis Departamentinin yaydığı xəbərdə deyilir ki, Federal Təhqiqat Bürosu istintaqa kömək edir.
Nyu Meksiko ştatının qubernatoru Mişel Lujan Qrişam da tviter hesabında bildirib ki, o, qatil və ya qatilləri ədalət mühakiməsinə təslim etmək üçün yerli, federal hakimiyyət orqanları ilə işləmək üçün şəhərə əlavə əyalət polisi göndərir və onlar tapılacaq.