Azərbaycan Xarici İşlər Nazirliyi Londondakı səfirliyə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumat yayıb.
Missiya.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.
Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.
Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.