Prezident İlham Əliyev “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. Investment Group Services” şirkəti arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiqləyib.
Missiya.Az xəbər verir ki, dəyişiklik, onun qüvvəyə minməsindən irəli gələn bütün hüquqi nəticələri ilə Sazişin ayrılmaz hissəsidir.
Yeni qanun qüvvəyə mindikdən sonra Hökumət təminatı Qanun olur. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Hökumət təminatı Sazişin qüvvədə olduğu müddət ərzində Hökumət təminatına uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Hökumət təminatı üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.