“Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahalllarıdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq!” Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin nitqindən olan bu ifadələr “Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının dünən təşkil olunmuş təqdimat mərasiminin əsas qayəsini təşkil edirdi.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ərsəyə gətirilən kitabda tarixi və geosiyasi vəziyyət, Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinə baxışa yer verilib. XIX əsrin əvvəllərində Rusiya, Türkiyə və İran dövlətləri arasında bağlanan Kürəkçay, Gülüstan, Ədirnə və Türkmənçay müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçü başlayıb. Bölgənin erməniləşdiriməsi siyasətinin əsas tutulması ilə buna paralel şəkildə tarixi Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyası və soyqırımına start verilib.
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun moderatorluğu ilə keçirilən tədbirdə Qarabağ zəfərindən sonra dövlətimizin yeni milli hədəfləri, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan ictimaiyyətinə çox samballı bir layihə təqdim etmiş oldu. Tədbiri giriş sözü ilə açan millət vəkili, “Biz 26 sentyabra 2020-ci ilə qədər qədim yurdlara münasibətdə məğlubiyyət dövrünün leksikonu, şikayətçi üslubundan istifadə edirdik.Lakin Vətən müharibəsində qələbədən sonra İrəvan termini indi əzəli mənasını özünə qaytarır, erməni siyasətinin paytaxtı obrazından çıxır. İrəvan Bakı kimi azərbaycanlıların tarixini, mədəniyyətini, ənənələrini, etnik və milli kimliyini özündə daşıyır.Biz Ermənistana ərazi iddiası edəcəyik deyərkən də ölkə baçısının tələbi, “İrəvan Azərbaycandır” deyənlərin məntiqi məhz həmin tarixi gerçəkliyə söykənir.
Elə bu yerdə bir tarixi hadisəni xatırlatmaq yerinə düşər.2000-ci ilin 9 may günündə faşizm üzərində Qələbənin 55-ci ildönümündə Amerikanın keçmiş səfiri Kerri Kavano bir çoxları üçün gözlənilməz şəraitdə Ağdam məscidinin bir parçasını Ulu öndər Heydər Əliyevə hədiyyə etdi. Doğum günü ərəfəsində aldığı qeyri-adi hədiyyədən hədsiz təsirlənən Heydər Əliyev on illərlə hakimiyyət zirvəsində hisslərini peşəkarlqıla idarə edərkən bu dəfə insani emosiyalarını siyasətçi soyuqqanlılığından üstün tutaraq son dərəcə kövrək ifadələr işlətdi, səfirin hərəkətini millətimizin tarixinə, mədəniyyətinə və dini inanclarına verilən yüksək qiymət adlandırdı, onu əvəzsiz sərvət saydı.Üstündən 20 il keçəndən sonra bəlli oldu ki, həmin Ağdam məscidi bütün dağıdılan şəhərlərimizin sağ qalan tək simvolu, qalası, qibləğahıdır.Görünür, burada da rəmzi bir məna var-yeni Ağdamın və Vətənin quruculuğu Allah evindən başlayır, hamını xilasa çağıran müqəddəs ocaqlardan start götürür. İnanırıq ki, Vətən müharibəsində qələbəyə töhfə verən Ulu öndərə bağışlanmış həmin nişanə prezident İlham Əliyevin qurucu əlləri ilə öz doğma ünvanında, məğrur divarda yerinə qoyulacaq və ilahi ədalət bərpa olunacaqdır. Eyni zamanda, 22 il əvvəlki tarixi hədiyyənin yolunu gedərək İrəvandan-Göy məsciddən bir parçanı gətirib dövlətimizə bağışlayan şəxs bu dəfə xarici ölkə səfiri deyil, görünməz səngərdə savaşan oğullarımız olacaq!” – fikirlərini bildirib.
Sonra tədbirdə maddi-mədəni irsimizə dair video-çarx nümayiş etdirilib.
Bunun ardınca məruzə üçün söz Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynliyə verilib.
Spikerin müavini bildirib ki, XX əsrin əvvəllərində Rusiyanın mərkəzi əyalətlərindən rusların, İran və Türkiyədən isə ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə bölgədə əhalinin etnik tərkibi dəyişdirilib və ermənilərin bölgəyə gəlməsi ilə tarixi torpaqlar iğtişaş və münaqişə mənbəyinə çevrilib. Sovet hakimiyyətinin ilk illərində də Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan torpağı Azərbaycandan, Türkiyə isə türk dünyasından ayrı salınıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov nəşr olunmuş kitaba görə layihə təşkilatçılarına təşəkkürünü bildirib. O qeyd edib ki, regionda öz siyasi maraqlarını həyata keçirmək istəyən böyük dövlətlərin dəstəyi ilə əcdadlarımızın Oğuz yurdu Qərbi Azərbaycanı qəsb edən gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara məxsus maddi mədəniyyət nümunələrini məhv etməklə izlərini silməyə çalışmış, bu mümkün olmadıqda isə həmin maddi mədəniyyət nümunələrinin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yazaraq dünya ictimaiyyətini aldatmağa başlamışlar. O, hal-hazırda İrəvanda Azərbaycana aid maddi-mədəni irsin izlərinin silinməsi və barbarlığa məruz qalması ilə əlaqədar UNESKO-ya müraciət edildiyini və bu xüsusda ədaləti bərqərar etmək üçün davamlı mübarizə aparıldığını deyib.
Ermənilərin tarixi torpaqlarda maddi-mədəni irsi işğal siyasətindən danışan digər çııxışçılar Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, UNEC Multikulturalim Tədqiqat Mərkəzinin rəhbəri Məhəbbət Paşayeva tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində uzun illərin tarixi izlərini özündə daşıyan mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə alban-türk tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, məqbərələr, alban türk-oğuz qəbiristanlıqları, qəbirüstü abidələr və s.-nin mövcudluğundan danışaraq XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələrinin yer üzündən silinib, qəbiristanlıqların dağıdılmasından söz açıblar.
Kitabın müəlliflərindən Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri millət vəkili Əziz Ələkbərli bildirib ki, ermənilər uzun illər dünyanı öz yalanlarına inandıra bilib, tarixi cinayət və saxtakarlıqlarını xüsusilə xristian dini pərdəsi arxasında gizlətməyə, öz vəhşiliklərini müxtəlif xalqların üzərinə yıxmağa müvəffəq olublar. Bir şeyi qəti bilmək lazımdır: Erməni hansısa bir xalqı hanər hansı cinayətdə ittiham edirsə, həmin xalqa qarşı həmin cinayəti ya edib, ya da etməyə hazırlaşır.
Millət vəkili deyib ki, buna görə də qarşımızda çox böyük tarixi vəzifə durur. Birinci mərhələdə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanla bağlı bütün həqiqətləri ortaya qoymaq. Qərbi Azərbaycandakı tarixi, mədəni, mənəvi irsimizlə bağlı hər şeyə sahib çıxmaq, bütün bunları dünya ictimaiyyətinə çatdırmaq və bununla da,xalqımızın lıəmin torpaqlara mənəvi qayıdışını təmin etmək və fiziki qayıdışının əsasını qoymaq üçün təqdimatına toplaşdığımız bıı kitabda dəyərli alimimiz Əfqan müəllimlə biz bunu etməyə çalışmışıq.
Daha sonra söz alan kitabın digər müəllifi Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyev aparılan tədqiqatlar nəticəsində Qərbi Azərbaycandakı maddi-mənəvi irsimizin mühüm bir hissəsi haqqında məlumat əldə olunduğunu deyib. O bildirib ki, bu tədqiqat Ermənistan ərazisindəki tarixi torpaqlarda azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesinin bugünkü cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan verir. Cədvəldə təqdim edilən, yararlı və xaraba qalan abidələr ermənilər tərəfindən mənimsənilərək erməni abidəsi kimi təqdim olunur.
“Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabı təkcə hazırki Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsi və yer üzündən silinməsinin miqyasını, statistikasını göstərmir, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri onların pasportu, ruhi və fiziki kimliyi, milli tariximizin hard diski şəklində yenidən bərpa edir.
Kitabda 244 abidənin tarixi hərtərəfli araşdırılır və düzgün elmi təsnifata uyğun onların reestri verilir.Göründüyü kimi, 44 rəqəmi millətimiz üçün fərqli ruh yaradaraq keçmişimizə münasibəti dəyişir, yüzillliklər əvvələ gedərək tarixin silinmiş səhifələrindən qurucu kimliyimizi görməyə imkan verir.
Əsərdə 49 pir / ocaq / ziyarətgah, 40 məscid, 38 qəbirüstü abidə, 15 məbəd, 13 qala, 19 alban kilsəsi, 13 karvansara, 8 türbə, 6 etnoqrafik-arxeoloji abidə, 6 günbəz, 5 qəbirüstü heykəl, 5 körpü, 3 məqbərə, 3 sərdabə, 3 arxeoloji abidə, 3 daşüstü yazı, 2 mədrəsə, 2 məhəllə, 2 imarət, 9 qayaüstü təsvir, qədim yaşayış məskənləri haqqında yerli və xarici mənbələrdən toplanan məlumatlar ilk dəfə aşkar edilərək mövcud siyahıya əlavə edilib, yüzlərlə xarici və mötəbər ədəbiyyat sənədlərinə, etibarlı, nüfuzlu mərkəzlər tərəfindən qəbul olunan müəlliflərə istinad olunub.
Daha sonra tədbirdə iştirak edən millət vəkilləri, partiya sədrləri, QHT rəhbərləri və media nümayəndələri kitabla bağlı öz təkliflərini bildrib, təssüratlarını bölüşüblər.
Tədbirin sonunda konfrans iştirakçıları tərəfindən UNSECO-nun baş direktoruna müraciət qəbul edilib.
























