Rusiya Ermənistan ordusunu yenidən qurur. Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın "Zhoghovurd" qəzeti məlumat yayıb.
Qəzet yazır:
“44 günlük müharibədən sonra Ermənistan ordusunun yenidən qurulması ilə bağlı işlər aparılır. Həmin proses bu yaxınlarda başlayıb. Əldə etdiyimiz məlumata görə, məqsəd ordunun mövcud bazasını dəyişdirmək, tamamilə fərqli silahlı qüvvələr yaratmaqdır. Rusiya tərəfi bu işdə böyük rol oynayacaq”, - sitatın sonu.
"Zhoghovurd"un məlumatına görə, Rusiya tərəfi Ermənistan ordusunu yenidən qurmaq üçün mütəxəssislər göndərib.
Sitat:
“Biz yaxın gələcəkdə dəyişikliklərə şahidlik edəcəyik. Ancaq Müdafiə Nazirliyi sualları cavablandırmaqdan çəkinir”, - sitatın sonu.
Ötən gün Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Rusiyanın ölkənin şərqində hərbi baza qurmaqla bağlı müəyyən fikirlərinin olduğunu açıqlamışdı. Nazir bildirmişdi ki, İrəvan və Moskva 102-ci Rusiya hərbi bazasının müəyyən birləşməsinin Ermənistanın şərqində yerləşdirilməsi mümkünlüyünü araşdırır.
Ermənistan mediasının iddiasına görə, hərbi baza Azərbaycanla sərhəddə yerləşən Gorus şəhərində qurula bilər. Məlumdur ki, uzun illərdir Rusiya Ermənistan iqtisadiyyatının ən böyük sərmayəçisidir, dövlət sərhədləri, işıq və qaz sistemi tamamilə rəsmi Moskvanın nəzarətindədir. İndi isə silahlı qüvvələr Rusiya tərəfindən qurulur. Proseslər göstərir ki, Ermənistan İkinci Qarabağ Müharibəsindən sonra müsəqilliyini tamamilə itirmək üzrədir.
Artıq erməni siyasətçilər də öz dövlətlərinin subyekt olaraq dünya xəritəsindən silindiyini etiraf edirlər. Ermənilər deyirlər ki, ölkələri Rusiyanın bir vilayətidir. Qeyd edək ki, 44 günlük müharibə zamanı Ermənistan ordusu darmadağın edilib. Məlumata görə, ordunun 3.8 milyard dollarlıq silahı, 10 mindən çox şəxsi heyəti məhv edilib.
Elvin
Missiya.Az