“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Heydər ƏliyevGörkəmli siyasi və dövlət xadimi, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri dövlətçilik tariximizin ən parlaq səhifələrini təşkil edir və illər ötsə, nəsillər dəyişsə də, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.1991-ci ilin oktyabr ayında Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə daxili vəziyyət son dərəcədə gərginləşmişdi, hərc-mərcilik baş alıb gedirdi. Ölkədə hakimiyyət böhranı yaranmışdı. Hakimiyyətdə olan Xalq Cəbhəsi ölkəni daha dərin uçuruma aparırdı. 1993-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhərində xalqın dəstəyindən tamamilə məhrum olmuş mərkəzi hakimiyyətə qarşı baş qaldırmış hərbi qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın kulminasiya həddinə yetişməsi idi. Faktiki olaraq bəzi xarici qüvvələrin də dəstəklədiyi bu silahlı qiyam Azərbaycanın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək ərəfəsində, xalq isə vətəndaş müharibəsinin astanasında idi. Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirildi, vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atıldı.
Ulu öndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti isə onun müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi oldu. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması ulu öndər Heydər Əliyevə dövlət quruculuğu istiqamətində praktik addımlar atmağa imkan verdi.
1993-cü ilin iyun ayında yenidən dövlətimizin idarəçilik sükanına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyətlə, böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşüb və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaq”-deyən Ulu Öndər özünün şah əsərini - müasir müstəqil Azərbaycanı yaratdı.
Dahi siyasətçi Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin sosial-iqtisadi və siyasi inkişaf strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirildi. Bu gün Azərbaycan regionun lideridir, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlətdir.44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər ölkəmizin gücünün, xalqımızın məğrurluğunun və qalibliyinin göstəricisidir.
Bu gün işğaldan azad olunmuş əzəli torpaqlarımızda böyük quruculuq işləri həyata keçirilir. Böyük Qayıdışa uğurla start verilib, yeni infrastruktur layihələrin icrası tam sürəti ilə davam edir. Tezliklə həmin ərazilər də ölkəmizin digər regionları kimi əsil cənnətə çevriləcəkdir. Əminik ki, qısa zaman kəsiyində Qarabağ özünün çal-çağırlı, toy-büsatlı dövrünə qayıdacaqdır.
Məhi MehtiyevAzərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon Filialının sədri