AZ   |   RU
Azərbaycanın tranzit imkanları, yaxud Avropa və Asiyanı birləşdirən körpü

Sürətlə qloballaşan dünyada logistika və beynəlxalq ticarət əlaqələri iqtisadi artıma təsir edən əsas amillərdəndir. Ölkələr arasındakı siyasi münasibətlərin tənzimlənməsi zamanı daha çox iqtisadi amillər rol oynayır. Bu zaman beynəlxalq ticarətin vacibliyi və çoxşaxəli olması labüd olur.

Azərbaycanın tarixən mühüm ticarət yollarının üzərində yerləşməsi, Avropa və Asiyanı birləşdirən körpü rolunu oynaması ölkə ərazisinin tranzit əhəmiyyətini artırmışdır. Hazırda da ölkə ərazisi regionun əsas nəqliyyat qovşağı kimi dünya ölkələrinin diqqət mərkəzindədir. Təbii ki, bu Cənab Prezidentin illərlə bu sahənin inkişafına xüsusi diqqəti və bu sahəni iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi seçməsi olub.

Hazırda dünyadakı mövcud iqtisadi-siyasi qütbləşmənin fonunda çoxvektorlu xarici siyasətin göstəricisi olan çoxşaxəli iqtisadi əlaqələri tənzimləmək heç də asan deyil. Məsələn, hazırda lokal çərçivədən çıxmış Rusiya-Ukrayna müharibəsinin gedişində Azərbaycanın tranzit imkanlarına tələb günbəgün artır. Bunun səbəbi "Şərq-Qərb" və "Şimal-cənub" dəhlizlərinin ölkədən keçməsidir ki, bu da dünyadakı mövcud qütbləşmənin hər iki tərəfini bizimlə razılaşmağa məcbur edir. Məlumdur ki, Qərb ölkələrinin Rusiyaya qarşı sanksilayalarının artması yeni alternativ marşruta ehtiyac yaradadır. Məsələn, Çin və Avropa arasındakı yükdaşımada əsas rol oynayan ölkələrdən biri də Azərbaycan olacaq. Bundan əlavə, ölkə ərazisi İran, Rusiya, Fars körfəzi ölkələri üçün də tranzit imkanlarına görə mühüm əhəmiyyət kəsb edir. Əgər "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi tam olaraq fəaliyyətə başlasa, qeyd olunan ölkələr üçün Azərbaycan üzərindən yük daşımanı həyata keçirmək yeganə alternativ sayılacaq. Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsi Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsi olan Transxəzər marşrutuna da böyük miqyasda maraq yaradıb. Bu da bizim şaxələndirmə prinsipini əsas götürmüş enerji daşıyıcısı  kimi fəaliyyət göstərdiyimiz zaman böyük imkanlar yaradır və bizim maraqlarımıza uyğundur.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimdə enerji daşıyıcılığı haqqında mövqeyimizi xüsusi vurğuladı: "Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var – müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur".

Eyni zamanda ölkə başçısının Avropaya elekrik enerjisi ixrac etməklə bağlı planların anonsunu verməsi bu sahədə yeni mərhələnin başlanğıcı deməkdir. 
Sonuncu Brüssel görüşündən sonra Zəngəzur dəhlizinin açılması haqqında qərar bizə yeni tranzit-yükdaşıma  imkanları yaradır. Zəngəzur dəhlizi Avropa və Asiyanı birləşdirə bilən həyati əhəmiyyətə malik yoldur. Məhz bu səbəbdən Zəngəzur dəhlizi bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrini, Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanı əlaqələndirən yeni körpüdür. Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir.

Azərbaycana marağın artmasının digər əsas səbəbi isə Azərbaycandakı daxili sabitlikdir. Bu baxımdan istər xarici dövlətlər, istərsə də ayrı-ayrı investorlar ölkənin tranzit imkanlarından istifadə edərkən heç bir arzuolunmaz risq altında qalmır. Təhlükəsiz enerji daşıyıcılığı üçün bu çox vacib amildir. Bütün bunlar deməyə əsas verir ki, yaxın zamanda Azərbaycanın həm beynəlxalq nüfuzu, həm də iqtisadi gücü daha da artacaq və Azərbaycan regionun lider dövlətinə çevriləcək.

Elza Məmmədova,
Nizami rayonu, 109 saylı orta məktəbin müəllimi


  • 4-06-2022, 15:05