Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəsi Mustafa Kamal Bəyazbayram və müşaviri Tevfik Ulual TAİB-in qonağı olublar.
Görüşdə TAİB-in sədri akademik Sudeif İmamverdiyev İdarə Heyətinin üzvləri akademik Sabir Tağıyev, professor Eyvaz Hünbətov, təşkilatın İcra Aparatının rəhbəri Nicat Dağlar, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Elnur Eltürk, KİV və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şərafət Şəfa iştirak ediblər.
Qonağı ehtiramla qarşılayan TAİB üzvləri səfirə təşkilatın fəaliyyəti, türkdilli ölkələrlə əlaqələrin inkişafı üçün atılan addımlardan və indiyə qədər gördükləri işlərdən bəhs ediblər.
ŞKTC-nin nümayəndəsi isə çıxışında TAİB-in fəaliyyətini yaxından izlədiyini və təşkilatın Şimali Kiprdə keçirdiyi konfranslardan məmnun qaldığını bildirib. Türkdilli dövlətlər arasında inteqrasiyanın sürətləndirilməsi və türk birliyinin inkişafına töhfə vermək üçün yaradılmış Türk Ağsaqqalları Birliyinin qeyd olunan istiqamətlərdə uğurlu nəticələr əldə edəcəyinə inandığını deyən Mustafa Kemal Beyazbayram TAİB-lə əməkdaşlıq şəraitində işləməyə və birgə layihələr həyata keçirməyə hazır olduqlarını da vurğulayıb.
Sonda Mustafa Kemal Beyazbayram TAİB-ə Şimali Kİpr Respublikasından bəhs edən kitab bağışlayıb.
Görüşdən xatirə şəkilləri çəkilib.