AZ   |   RU
Ermənistan üçtərəfli bəyanatdan yayınmaqla özünə ziyan vurur

Azərbaycan Vətən müharibəsindəki tarixi qələbədən keçən ilyarımdan artıq müddət ərzində Ermənistanla sülh yaradılması istiqamətində ardıcıl addımlar atır. Prezident İlham Əliyev iştirak etdiyi bütün tədbirlərdə sülhün Ermənistana daha çox lazım olduğunu, eləcə də 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda nəzərdə tutulmuş kommunikasiyaların açılmasından İrəvanın daha çox fayda görəcəyini izah edir. Ancaq Ermənistanda hələ də müxtəlif vasitələrlə sülhdən yayınmaq haqqında düşünürlər. Üstəlik, buna təkcə müxalifət deyil, hakimiyyət çalışır. Əks təqdirdə, Ermənistanın baş naziri Nikol Paşinyanın Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddi­aları necə başa düşmək

– Məsələ bundadır ki, Ermənistanda nə hakimiyyət, nə də müxalifət yaranmış yeni real­lıqları dərk etmək iqtidarında deyil. Onlar hələ də inanmaq istəmirlər ki, Qarabağ problemi həll olunub. İndi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli bəyanatın icrası ilə məşğul olmaq, qalan bəndlərin tələblərini yerinə yetirmək lazımdır. Azərbaycan həmin bəyanatın bütün müddəalarını icra edib. Bunu Azərbaycan Prezidenti dəfələrlə çıxışla­rında qeyd edib. Ermənistan isə hələ bir sıra bəndləri icra etməkdən yayınmağa çalışır. Elə Paşinyanın Niderlandda səsləndirdiyi iddialar da bundan xəbər verir.

Bu il aprelin 13-də Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qaf­qaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda da bəyan etdi ki, bu gün biz kommunikasiya­nın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik və bu dəhliz Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz. Əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq, tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirsə, yalnız Türkiyə bunu təmin edə bilər. Türkiyə hökuməti də buna hazırdır: “Beləliklə, top Ermənistan tərəfdədir”.

Prezident deyib ki, ermənilər Türkiyə ilə münasibətlərin qurulmasında daha çox ma­raqlı olmalıdırlar. Türkiyə də, Azərbaycan da sərhədlərini həmişəlik bağlı saxlayaraq yaşaya bilər. Bu, Ermənistan üçün vacibdir. Zəngəzur dəhlizi açılarsa, Ermənistanın Naxçıvanla əlaqəsi yaranar. Azərbaycanın Naxçıvanla bu gün də əlaqəsi var. Bu, Ermənistana lazımdır: “Lakin məndən soruşsanız ki, Ermənistanda siyasi dairədə vəziyyətə real baxacaq kimsə varmı? Xeyr. Hətta, əgər belə bir şəxs varsa, o, bunu heç vaxt açıq şəkildə etməyəcək. Çünki dərhal hücuma məruz qalacaq. Dərhal tənqidə məruz qalacaq. Onu öz dillərində təhqir olaraq türk adlandıracaqlar. Onu xain adlandıracaqlar”.

Ermənistan Baş nazirinin Niderlandda Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiala­ra, o cümlədən, humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlara artıq Azərbaycanın Xarici İşlər Nazirliyi də münasibət bildirib. Ümumiyyətlə, birinci dəfə deyil ki, Ermənistan tərəfi “adımı sənə qoyum, səni də yana-yana” prinsipi ilə işləyir. Bu, Ermənistan rəhbərliyinin bütün məsələlərdə olduğu kimi, münasibətlərin normallaşması məsələsində də qeyri-səmimi davrandığını göstərir.

Bu gün Azərbaycan faktiki olaraq Ermənistan tərəfindən həyata keçirilmiş böyük humanitar fəlakətin nəticələrini aradan qaldır­maqla məşğuldur. Təxminən, 30 ilə qədər da­vam etmiş erməni işğalı dövründə Azərbaycanın minlərlə hektar ərazisi minalarla çirkləndirilib. Ermənistan bunu məqsədyönlü şəkildə edib. Üstəlik, uzun zaman mina xəritələrini Azərbaycana verməkdən imtina edib. Bu məsələ faktiki olaraq beynəlxalq ictimaiyyətin təzyiqi nəticəsində reallaşıb. Amma verilən xəritələrin dəqiqliyi cəmi 25 faiz olub. Məhz Ermənistanın Üçtərəfli bəyanatdan yayınması­nın nəticəsidir ki, azad olunmuş ərazilərimizdə indiyədək 219 vətəndaşımız minaya düşərək həlak olub.

Bu gün Paşinyanın mina xəritələrinin Azərbaycana verilməsini humanitar addım kimi qələmə verməsi də gülüncdür. Azərbaycan XİN-in bəyanatında qeyd edildiyi kimi, “bu, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliyi idi”.

Üçtərəfli bəyanatın ən mühüm müddəalarından biri – Qarabağdakı qeyri-qa­nuni hərbi birləşmələrin oradan çıxarılması məsələsi də hələ öz həllini tapmayıb. Bu hərbi dəstələr mütəmadi olaraq ərazidə təxribatlar törədir, günahsız, dinc insanların ölümünə səbəb olur.

Təəssüf ki, Paşinyan bu barədə danışmaq əvəzinə, Azərbaycanı humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməyə çalışıb. Amma bu şəxslər müharibə başa çatandan sonra Azərbaycan ərazilərinə qanunsuz soxulmuş erməni əsilli diversantlardır.

Ümumiyyətlə, Ermənistan anlamalıdır ki, Üçtərəfli bəyanatın bütün bəndlərini birmənalı şəkildə yerinə yetirməklə və regionda sülh pro­sesini dəstəkləməklə, özünü siyasi və iqtisadi təcriddən qurtararaq, regional əməkdaşlığa qoşula biləcək. Əks halda, yalnız özünə ziyan vurmuş olacaq.

Əziz Ələkbərli
Milli Məclisin deputatı 

  • 14-05-2022, 10:50