AZ   |   RU
ABŞ-ın Azərbaycan və Türkiyəyə qarşı ikibaşlı siyasəti - ŞƏRH

Özünü dünyanın supergücü və demokratiyanın beşiyi hesab edən ABŞ illərdir ki, Türkiyəyə qarşı məkrli strateji addımlar atmağa davam edir. Son bir neçə ildə NATO-da müttəfiq olan ABŞ və Türkiyə arasında siyasi gərginlik daha da artıb. Bu gərginliyin kökündə isə rəsmi Ankaranın müstəqil siyasət yürütməsidir. Proseslər göstərir ki, Ankaranın müstəqil siyasət yeritməsi Vaşinqtonun ürəyincə deyil. Ona görə də ABŞ özünün yaxın tərəfdaş hesab etdiyi Türkiyəyə qarşı sıxışdırma taktikalarını işə salır. 

Məsələn, Türkiyə tərəfi F35 qırıcı təyyarələrinin hazırlanması layihəsində pulunu öncədən ödəməsinə baxmayaraq, ABŞ uzun müddətdir ki, Ankaraya 5-ci nəsil döyüş təyyarələrini vermək istəmir. Bu azmış kimi Türkiyənin hava qüvvələrinin əsasını təşkil edən F16 qırıcılarının da ehtiyyat hissələrini verməkdən boyun qaçırır. 

ABŞ-ın Türkiyəyə qarşı etdiyi səhvlərdən biri də prezident Co Baydenin hakimiyyətə gəldiyi ilk vaxtlarda Ankaranı qıcıqlandırmaq üçün "erməni soyqırımı" ifadəsini işlətməsidir.   

Bundan başqa, NATO üzvü olan Yunanıstan bir neçə il öncə Rusiyadan S300 hava hücumundan müdafiə sistemləri alarkən ABŞ heç bir reaksiya vermədi. Əksinə, Ankara Moskvadan S400 hava hücumundan müdafiə sistemləri aldıqda, Türkiyəyə qarşı sərt addımlar atmağa başladı.

ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti də Türkiyəyə qarşı sərgilədiyi ədalətsiz mövqedən fərqlənmir.  

ABŞ Ukraynaya özünün ərazi bütövlüyünü qorumaq üçün milyardlarla dollar maliyyə və hərbi yardımı edir, ona siyasi dəstək verir. Ancaq eyni mənzərəni keçmiş Qarabağ münaqişəsi dövründə müşahidə etmədik. Azərbaycanın 2020-ci ildə apardığı haqlı savaşına qarşı çıxan ABŞ müharibəni dayandırmaq üçün bir neçə dəfə cəhd göstərməsinə baxmayaraq, Azərbaycan öz məqsədindən vaz keçmədi. Hazırda davam edən Ukrayna-Rusiya münaqişəsində Moskvanı işğalçı adlandıran və ona qarşı ən ağır sanksiyalar tətbiq edən ABŞ, 30 ilə yaxın Qarabağın işğal olunması faktını görməzdən gəldi. Bir tərəfdə işğalçıya qarşı gücünü səfərbər edən ABŞ, digər tərəfdə isə işğalçının başını tumarlamaqla məşğuldur. 

ABŞ-ın ikiüzlü siyasət yürütməsinə daha bir nümunə isə ölkələrindəki erməni lobbisi ilə bağlıdır. Erməni lobbisinin ən fəal yerləşdiyi ölkələrdən biri məhz elə ABŞ-dır. Erməni lobbisinin ABŞ-da bir çox verilən qərarlara belə təsir etmək imkanı vardır. Çox ehtimal ki,  bu gün Rusiyaya qarşı sanskiyalar tətbiq edən ABŞ, ölkəsindəki erməni lobbisinin Moskvaya göstərdiyi yardımları da görməzdən gəlir. 
Görünən odur ki, ABŞ-kı erməni lobbisi bu gün rus lobbisi konteksində çıxış edir.

Həmçinin ABŞ hər il Ermənistana  maliyyə yardımları ayırır və onların siyasi rəhbərlərini Vaşinqtonda qəbul edirlər. Ancaq uzun illərdir ki, Azərbaycan tərəfindən yüksək səviyyəli dövlət rəhbərlərinin ABŞ-a səfərləri təşkil olunmur. 

Bundan başqa, ABŞ-ın özünə düşmən hesab etdiyi İranla Ermənistan arsında dostluq əlaqələri hər keçən gün daha da genişlənməyə doğru davam edərkən Vaşinqton buna səssiz qalır. Ancaq Azərbaycan tərəfi  İranla yaxın daha yaxın əlaqələr qurmağa  başlayanda ABŞ-dan dərhal təzyiqedici açıqlamaları gəlir. 

Bütün sadalanan faktlar Vaşinqtonun Bakıya qarşı qərəzli mövqe sərgiləməsinin sübutudur.

Daşqın Həsənov 
Missiya.Az 


  • 9-05-2022, 14:03