AZ   |   RU
“Ermənistan Cənubi Qafqazda mühüm rol oynayır” - İranın müdafiə naziri

İranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə İrəvana iki günlük səfərini yekunlaşdıraraq Ermənistanın yüksək rütbəli rəsmiləri ilə intensiv və məhsuldar görüşlər keçirdiyini açıqlayıb.


Missiya.Az “IRIB” telekanalına istinadən xəbər verir ki, o Ermənistanın Baş naziri, müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi ilə görüşlərə toxunaraq, əməkdaşlığın müxtəlif aspektlərinin, o cümlədən müdafiə və iqtisadi sahədə müzakirə edildiyini, Ermənistanın müdafiə naziri ilə də anlaşma memorandumu imzalandığını bildirib.


"Əməkdaşlığın inkişafı üçün şərait artıq yetişib və biz Ermənistanın müdafiə nazirini ölkəmizin müdafiə obyektlərinə baş çəkməyə dəvət etdik", - deyə Nəsirzadə vurğulayıb.


Nəsirzadə həmçinin İranın qonşu ölkələrə qarşı prinsipial siyasətini bəyan edərək, bütün ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmalı olduğunu qeyd edib.


"Bu region həm geosiyasi, həm də geostrateji baxımdan bizim üçün böyük əhəmiyyət kəsb edir. Xüsusi tarixi və tranzit mövqeyə malik ölkə kimi Ermənistan da bu regionda mühüm rol oynayır. Biz əvvəllər geosiyasi və tarixi sərhədlərin hər hansı dəyişikliyinin əleyhinə olduğumuzu bəyan etmişik və bu məsələni Ermənistan tərəfi qarşısında qaldırmışıq", - deyə iranlı nazir əlavə edib.


Xatırladaq ki, Nəsirzadənin başçılıq etdiyi İran Müdafiə Nazirliyinin nümayəndə heyəti mayın 20-də Ermənistana səfər edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:17