AZ   |   RU
Könüllülər tərəfindən “Vikipediya”da türk dünyasının tarixini əhatə edən zəngin resurs yaradılır


“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində yeni məqalələr yaradılır və zənginləşdirilir. Onlayn ensiklopediyanın Azərbaycan dili bölməsində könüllülər tərəfindən türk dünyasının tarixi, mədəniyyəti, ədəbiyyatı, memarlığı haqqında yüzdən çox məqalə yerləşdirilib. Məqsəd türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək, cəmiyyətimiz üçün müvafiq sahədə informasiya bazasını genişləndirmək və daha da əlçatan etməkdir.

Missiya.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.

Könüllülər tərəfindən krım-tatar türkoloqu, dilçi və pedaqoq Hüseyin Kürkçü, əslən Kıbrısdan olan publisist və tərcüməçi Osman Türkay, krım-tatar yazıçı və şairi Yaqub Şakirəli, Makedoniya Türk Hərəkat Partiyası, texnika elmləri doktoru, professor, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü Nadir Əlişov, habelə kardioloq, tibb elmləri doktoru, professor Tofiq Cahangirov, professorlar Şamil Xudiyev və Maarifə Hacıyeva haqqında maraqlı məlumatlar yaradılıb.

Layihə barədə məlumat verən R.Əhmədov qeyd edib ki, könüllülər məqalələrin yaradılmasında və “Vikipediya”da yerləşdirilməsində çox böyük həvəslə iştirak edirlər. Ona görə də gələcək fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq. “Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində bu günədək 180-dən çox məqalə yaradılıb və əsaslı redaktə olunub.

  • 3-04-2021, 18:06