Ermənistan Azərbaycanın sülh müqaviləsinin bağlanması üçün təklif etdiyi 5 maddəlik paketi qəbul etdiyini bəyan etsə də, son günlər verdiyi açıqlamalar İrəvanın ikibaşlı siyasətindən əl çəkmədiyini göstərir. Xüsusilə qeyd etmək lazımdır ki, həmin təkliflərdə Ermənistanla Azərbaycan arasında yaşanan bütün mübahisəli məsələlərin həll edilməsi üçün baza prinsipləri yer alıb və təkliflərin hər biri beynəlxalq hüquqa uyğundur. Rəsmi Bakı da dəfələrlə bəyan edib ki, Ermənistanla bütün problemləri masada həll etməyə hazırdır və sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Amma görünən odur ki, Ermənistan Azərbaycanın sülhpərvər mövqeyini lazımınca qiymətləndirmir və axrada ikili oyununu davam etdirir. Məsələn, rəsmi İrəvan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifləri fonunda ATƏT-in Minsk qrupunun dirildilməsi, onların sülh prosesində iştirak etməsi üçün canla-başla çalışır. Proseslər göstərir ki, Minsk Qrupunun Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesində heç bir rolu ola bilməz. Çünki Minsk Qrupu keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün fəaliyyət göstərirdi. Ötən 30 ilə yaxın müddətdə adıçəkilən qrup münaqişənin həll edilməsi üçün ciddi səy göstərmədi və bölgəyə yalnız "turist səfərləri" etməklə yadda qaldı.
İndi 30 il ərzində öz missiyasının öhtəsindən gələ bilməyən Minsk Qrupu hansı əsasla 44 günlük Vətən Müharibəsindən sonrakı sülh prosesində söz haqqı almalıdır? Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Rəsmi Bakı müharibədən sonrakı sülh prosesinə real töhvə verə biləcək təşkilat və dövlətlərlə işləməkdə maraqlıdır. Görünən odur ki, həmin siyasi təşkilatlar sırasında ATƏT-in Minsk Qrupu yoxdur. Çünki Minsk Qrupu 30 ilə yaxın müddətdə sülh prosesinə nəzərəçarpan töhvə verməyib, hətta bir çox hallarda ermənipərəst mövqe nümayiş etdirib.
Hazırda ATƏT-in Minsk Qrupunun üzvü olan 3 dövlət - Rusiya, Fransa və ABŞ öz aralarındakı problemləri sülh yolu ilə həll edə bilirmi?Son dövrlər dünyada baş verən geosiyasi proseslər göstərir ki, adıçəkilən dövlətlər heç öz aralarındakı problemləri sülh yolu ilə həll edə bilmir. Bu səbəbdən, bir-birinə düşmən mövqedə dayanan dövlətlərin aparıcı rol aldığı Minsk Qrupunun Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə töhvə vermə ehtimalı sıfıra bərabərdir.
Ermənistanda da baş verən prosesləri çox yaxşı anlayırlar və başa düşürlər ki, sülh prosesinin gedişatı Azərbaycanın diqtəsi ilə davam edəcək. Amma yenə də boş səylərindən, ikili oyunlarından əl çəkmirlər. Təbii ki, Azərbaycan Ermənistanın sülh prosesində əməli addımlar atmasını əbədi gözləyəsi deyil. Rəsmi İrəvan tarixə nəzər salmalı və başa düşməlidir ki, vaxtilə Ermənistan işğaldan əl çəkib, Azərbaycanla münasibətləri normallaşdırıb, Bakı-Tiblisi-Ceyhan neft kəmərinin öz ərazisindən keçməsinə nail olsaydı, çox böyük maliyyə və iqtisadi dividentlər əldə edə bilərdi. Lakin Ermənistan Azərbaycanın ona yaratdığı tarixi şansdan yararlana bilmədi. Azərbaycan isə qeyd edilən qlobal layihəni öz gücünə həyata keçirib, böyük maliyyə imkanları və siyasi nüfuz qazanmağı bacardı. İndi isə Azərbaycan Ermənistan üçün ikinci tarixi şansı yaradır.
Ermənistanda başa düşməlidirlər ki, sülh prosesinin ləngidilməsi kommunikasiyaların açılmasına, Ermənistanın regionun iqtisadi həyatına inteqrasiyasına, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi ciddi problem yaradır və bundan sonra da yaradacaq. Bu səbəbdən, rəsmi İrəvan masaya yalnız Azərbaycanın irəli sürdüyü təkliflərin müzakirəsi ətrafında çıxış yolu tapmaq üçün oturmalı və rəsmi Bakının qəbul etməsi mümkünsüz olan ssenarilər irəli sürməməlidir. Təbii ki, rəsmi İrəvanın ikibaşlı oyunları həm Ermənistanın blokadasını uzadacaq, həm də xalqın daha uzun müddət səfalət içində yaşamasına gətirib çıxaracaq.
Elvin MəmmədovMissiya.Az
6.3.5. (Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması) hazırlanmışdır.