AZ   |   RU
2050-ci ilədək qida qıtlığı 3 milyard insana təsir edəcək

Beynəlxalq ekspertlərin proqnozlarına görə, əgər qlobal ərzaq istehsalı və istehlak sistemi köklü şəkildə dəyişdirilməzsə, 2050-ci ilə qədər dünya əhalisinin üçdə birinə – yəni təxminən 3 milyard insana – qida qıtlığı birbaşa təsir göstərə bilər.


Missiya.Az mövzu ilə bağlı araşdırmanı təqdim edir. 


BMT-nin məlumatına əsasən, 2023-cü ildə artıq 735 milyon insan xroniki aclıqdan əziyyət çəkib. Üstəlik, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, dünyada 2 milyard insan keyfiyyətli və qida dəyəri yüksək ərzağa çıxış imkanından məhrumdur.


Mütəxəssislər bildirirlər ki, quraqlıqlar, daşqınlar və ekstremal hava şəraiti kənd təsərrüfatı məhsuldarlığını ciddi şəkildə azaldır, urbanizasiya və sənayeləşmə isə məhsul istehsalı üçün əlverişli torpaqları daraldır. FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) məlumatına görə, hazırda istehsal olunan ərzağın təxminən 30%-i, yəni hər il 1,3 milyard ton qida tullantıya çevrilir. İqlim dəyişikliyi nəticəsində kənd təsərrüfatı məhsuldarlığının isə 2050-ci ilə qədər 10-25% azalacağı proqnozlaşdırılır.


Ən böyük zərbəni Afrikanın, Cənub və Cənub-Şərqi Asiyanın iqtisadi cəhətdən zəif və iqlim dəyişikliklərinə qarşı həssas ölkələri alacaq. Bu səbəbdən, mütəxəssislər davamlı kənd təsərrüfatı texnologiyalarına keçidi, qida tullantılarının azaldılmasını, iqlimə davamlı məhsulların yetişdirilməsini və beynəlxalq əməkdaşlığın gücləndirilməsini vacib hesab edirlər. Əks halda, qida qıtlığı yalnız iqtisadi böhranla kifayətlənməyəcək, həm də kütləvi miqrasiya, sosial gərginlik və beynəlxalq münaqişələr kimi ciddi nəticələrə gətirib çıxara bilər.



İlahə Qənbərli
Missiya.Az




  • Bu gün, 12:00