Ombudsman Aparatının əməkdaşları Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Narkoloji Mərkəzinə başçəkmələr həyata keçirib.
Bu barədə Missiya.Az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında həm stasionar, həm də ambulator müalicənin aparıldığı, müəssisəyə əvvəlki başçəkmələr zamanı mövcud olan bəzi nöqsanların aradan qaldırıldığı, vakant olan yerlərə yeni işçilərin təyin edildiyi və bir neçə ay öncə təmir işlərinin aparıldığı müəyyən edilib.
Xəstəxanada yaşayış şəraitinin, sənədləşmə işinin təkmilləşdirilməsi və bu sahəyə nəzarətin gücləndirilməsi, pasiyentlərin daha çox açıq hava gəzintilərinə çıxarılması istiqamətində tövsiyələr verilib.
Eyni zamanda, yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən Bakı şəhəri Narkoloji Mərkəzində yalnız ambulator müalicə tədbirlərinin görüldüyü müəyyən olunub, həkim sayının az olduğu mərkəzin sahəsinin də kiçik olduğu müşahidə edilib.
Hər iki müəssisənin yeni, daha geniş binalara köçürülməsinin nəzərdə tutulduğu bildirilsə də, bu məsələnin sürətləndirilməsinin vacibliyi də vurğulanıb.
Başçəkmələrin yekununda müəssisələrin rəhbərliyi və əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri və “916” Çağrı Mərkəzi ilə bağlı məlumat lövhələri təqdim edilib.
O da qeyd olunub ki, başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Səhiyyə Nazirliyinə müraciət olunacaq.