AZ   |   RU
UNEC-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi qeyd olunub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunan tədbir keçirilib.

Missiya.Az
 Trend-ə istinadla xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hikmət Babayev, UNEC-in müəllim-tələbə heyəti iştirak edib.

Tədbirin açılışında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hikmət Babayev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə iştirakçıları təbrik edərək, ulu öndər Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP-ın əldə etdiyi uğurlardan söz açıb. Dövlətçiliyimizin möhkəmləndirilməsinə və dinamik inkişafına mühüm töhfələr verən YAP-ın qısa müddətdə hakim partiyaya çevrilməsinin əsasında xalqın ulu öndərə sevgisinin və inamının dayandığını bildirib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixinə həsr olunan videoçarx nümayiş olunub, UNEC-in tələbəsi “Azərbaycan” şeirini səsləndirib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev partiyanın keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən söz açıb. 30 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP-ın ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək, ölkəmizin inkişafı və formalaşmasında misilsiz rol oynadığını, partiyanın irəli sürdüyü hər bir təşəbbüsün, qəbul etdiyi qərarların dövlətimizin daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının daha da inkişaf edərək, hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirdiyini diqqətə çatdırıb. Vətən müharibəsində əldə olunan parlaq qələbənin partiyanın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildirən V.Rəhimzadə, YAP-ın dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə davam etdirəcəyini qeyd edib.

Çıxışlardan sonra YAP Səbail rayon partiya təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən UNEC-in müəllimlərinə Fəxri fərmanlar təqdim olunub. Partiyaya yeni üzv olan tələbələrə üzvlük vəsiqələri təqdim edilib.


Baxış sayı: 101
  • 17-11-2022, 19:47