AZ   |   RU
“Sahibkar qadınların 30 %-i Bakıda qeydiyyatdan keçiblər” - KOBİA

Bu ilin yanvarın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 22 %-ni qadınlar təşkil edib.

Bu barədə Missiya.Az-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, qadın sahibkarlar əsasən kənd təsərrüfatı, xidmət və digər sahələrdə fəaliyyət göstərirlər. Sahibkar qadınların 29,9 %-i Bakıda, 10,2 %-i Lənkəran-Astara, 8,9 %-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçiblər.

KOBİA tərəfindən də ölkəmizdə qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, KOB subyektləri arasında qadınların sayının daha da artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün KOBİA-nın təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərindən faydalanırlar.

KOBİA tərəfindən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi çərçivəsində indiyədək 40 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib ki, onlardan 9-u qadın sahibkarlar tərəfindən təqdim edilmiş layihələrdir.

Təkcə 2022-ci il ərzində Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil edilmiş müxtəlif mövzularda biznes təlimlərdən 3 minə yaxın qadın sahibkar faydalanıb. KOBİA-nın əlaqələndiricisi olduğu “Almaniya-Azərbaycan birgə Proqramı”ndan bugünədək 100-dən çox qadın sahibkar və menecer yararlanıb.

11 qadın sahibkar “Startap” şəhadətnaməsi əldə edib.

2022-ci ildə KOBİA-nın sərgi və yarmarkalarda iştiraka dəstək mexanizmindən istifadə etmiş 1 050 sahibkarlıq subyektinin 40 %-dən çoxu qadın sahibkar olub. Bundan başqa, ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmış 25 sahibkarlıq subyektindən 12-si qadındır.

  • 7-03-2023, 16:49