AZ   |   RU
Ermənistanın digər yollardan istifadə etmək və hərbçilərini Qarabağda saxlamaq hüququ yoxdur - Rusiyalı ekspertlər

Martın 5-də erməni terrorçularının törətdikləri təxribatla bağlı Rusiyanın məşhur hərbi və siyasi ekspertləri Ermənistanı qınayan açıqlamalar verib, sosial şəbəkə hesablarında paylaşımlar ediblər.

Missiya.Az
xəbər verir ki,  rusiyalı ekspert, Siyasi Tədqiqatlar İnstitutunun rəhbəri Sergey Markov, Rusiya jurnalisti və hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın bölgədə sabitliyi pozduğunu və məhz bu təxribatların gələcəkdə erməni dövlətinin mövcudluğuna təhlükə olduğunu bildiriblər.

Rusiyalı ekspert Sergey Markov insan itkisi ilə nəticələnən erməni təxribatını şərh edərkən bildirib ki, “Laçın yaxınlığındakı yolda Azərbaycanın ekoloji postu Ermənistanın Qarabağa silah ötürməsinə imkan vermir. Buna görə də Ermənistan fərqli marşrut üzrə silah ötürməyə başladı. 10.11.2020-ci il tarixli sazişə əsasən Ermənistanın digər yollardan istifadə etmək və eləcə də hərbçilərini Qarabağda saxlamaq hüququ yoxdur. Buna görə də Azərbaycan Qarabağda Ermənistandan silah daşıyan maşını saxladı və nəticədə qanla bitən atışma oldu. Bundan sonra Azərbaycan həmin yolda tamhüquqlu hərbi gömrük postunun yaradılmasını tələb edəcək və ehtimal ki, digər yollarda qoşun və silahların hərəkətini bloklamaq üçün öz qoşunlarını gücləndirəcək.” 

Sergey Markovun sözlərinə görə Azərbaycanın bu haqlı məsələsinə Rusiya tam dəstək verəcək. Çünki, hadisələrin inkişafı bunu göstərir. “Rusiya Azərbaycana daha çox dəstək verəcək. Çünki, Ermənistan hakimiyyəti getdikcə Rusiyanın düşmənlərinə doğru irəliləyir və Avropa İttifaqının hərbi-mülki missiyasının, əslində isə NATO-nun 100 nəfərlik heyətinin Ermənistana yerləşdirilməsinə nail olub. Yeganə məqsəd isə Rusiyanı depressiyaya salmaqdır” – deyə Markov əlavə edib.

Rusiyalı jurnalist və hərbi ekspert İqor Korotçenko da bölgədəki gərginliyin günahını Ermənistanın hərbi-siyasi rəhbərliyində görür və Qarabağdan erməni silahlılarının çıxarılmasının vacibliyini vurğulayıb. Korotçenko bildirib ki, “Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində erməni silahlı birləşmələrinin olması qeyri-sabitliyin və silahlı təxribatların əsas mənbəyidir”.

Rusiyalı ekspertlərin də gəldiyi qənaət budur ki, Ermənistanla Azərbaycanın suveren ərazilərini birləşdirən Laçın-Xankəndi yolunun üzərində sərhəd nəzarət-buraxılış rejimi tətbiq edilməlidir. Eyni zamanda Azərbaycan ərazilərindən erməni silahlı birləşmələri dərhal çıxarılmalıdır. 
 
Nəriman Sultanoğlu
Missiya.Az


  • 7-03-2023, 13:09