AZ   |   RU
Davosun diqqət mərkəzindəki adam - İlham Əliyevin açdığı qapıya dünyanın marağı artır
 
Hər il İsveçrənin Davos şəhərində təşkil olunan Forumda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, böyük şirkətlərin rəhbərləri, biznes sektorunun aparıcı nümayəndələri təmsil olunur. Bu ilki forumda dünyanın 130 ölkəsindən rekord sayda, 2700-dən artıq tanınmış şəxs, habelə 52 dövlət və hökumət başçısı iştirak edib.   

Azərbaycan Prezidenti İlham Əliyev 15-ci dəfədir ki, Davos Forumunda iştirak edir. Forumda Azərbaycana və Prezident İlham Əliyevə xüsusi münasibət və rəğbət müşahidə edilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Davos forumunda iştirakı hər zaman çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qalır. Bu dəfəki forum da istinsa olmadı. Bu görüşlərin təşəbbüskarları bir qayda olaraq qarşı tərəf olur. Bu, bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisidir. Digər tərəfdən də ölkəmizdə xarici investisiyalar üçün yaradılmış münbit şəraitin bariz sübutudur.

Azərbaycanın iqtisadi tərəfdaşlarının sayının artması da bunun göstəricisidir. Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşüb. Bununla yanaşı, dövlət başçımızın Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya dövlət və hökumət başçıları ilə də görüşləri olub. Bu görüşlər əsnasında Prezident İlham Əliyev tərəf müqabillərinə həm də regional vəziyyət haqqında ətraflı məlumat verib. Xüsusilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə İrəvanın destruktiv mövqeyi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan müxtəlif bəhanələri və danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu olub.

Laçın dəhlizi ilə bağlı yaranmış situasiyadan istifadə edərək bütün dünyanı öz yalanlarına inandırmaq istədiyi bir zamanda İlham Əliyevin dünyanın diqqət mərkəzində olan forumda iştirak etməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı burada həmkarlarına,  hökümət başçılarına və dünyanın ən öndə gedən kanallarına Ermənistanın iftiralarının həqiqəti əks etdirmədiyini konkret faktlara, ciddi arqumentlərə söykənərək bildirib.

Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyət, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı etiraz aksiyasından danışıb. İlham Əliyev bu aksiyanın legitim əsaslara söykəndiyini bəyan edib. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğu və Laçın yolundan uzun müddət minaların daşınması üçün qistifadə edildiyi İlham Əliyev tərəfindən bir daha dünyanın diqqətinə çatdırılıb.

Məlumdur ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq edilməsi iddiaları ilə, ölkəmizin beynəlxalq aləmdən təcrid olunması ilə bağlı tezislərlə çıxış edirlər. Amma Davos forumunda İlham Əliyevin qətiyyətli addımı və həqiqətləri əks etdirən bəyanatları bu iddiaların reallığa uyğun olmadığını və Azərbaycanla müxtəlif sferalarda əməkdaşlıq etmək istəyən tərəflərin sayının gündən günə artdığını növbəti dəfə göstərdi. 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və bu rolun artan istiqamətdə davam etməsi Aİ rəsmiləri tərəfindən də müxtəlif sessiyalarda vurğulanıb. Xatırladaq ki, ötən ilin  payızında Aİ-ı ilə imzalanan müqaviləyə görə Azərbaycan Avropaya nəql etdiyi 8 milyard kubmetrin qazın həcmini növbəti illərdə 20 milyard kubmetrə çatdıracaq.

 
Bu gün Rusiya-Ukrayna müharibəsi səbəbindən sanki dünya ikiyə bölünmüş kimidir. Bir tərəfdə Ukraynanın tərəfində yer alanlar, digər tərəfdə isə Rusiyanın mövqeyini dəstəkləyənlər. Hətta Qərb ölkələrinin Rusiyanın yanında yer alan və Ukraynanın tərəfindən çıxış etməyən ölkələri sanskiyalarla hədələmələrinə baxmayaraq, Azərbaycan balanslı siyasətini davam etdirərək münaqişədə yer alan tərəf kimi çıxış etmədi. Azərbaycan birmənalı olaraq, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir ancaq münaqişə tərəflərindən heç birini dəstəkləmir. Bütün bu sadalananlar Azərbaycanın tam müstəqil xarici siyasət yürütdüyünü və heç bir gücdən asılı olmadığını ortaya qoyur.. Hətta bu gün ölkəmiz heç bir beynəlxalq hərbi təşkilatın üzkü kimi də çıxış etmir. 

Xatırladaq ki, Azərbaycan bu gün qoşulmama hərəkatının üzvüdür. Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi təşkilatın sənədlərində dəstəklənib.


Daşqın Həsənov
Missiya.Az


  • 19-01-2023, 19:24