AZ   |   RU
Paşinyan Konstitusiyanı niyə dəyişdirmək istəyir? - Ekspert Azərbaycan və Türkiyə faktorunu istisna etmir

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bu ilin yazında Konstitusiyada dəyişikliklərlə bağlı referendum keçiriləcək və Mərkəzi Seçki Komissiyası onun təşkili ilə bağlı hazırlıq işləri aparır. Konstitusiyada ediləcək dəyişikliklərlə bağlı hələlik konkret açıqlamalar verilmir. 
 
Xatırladaq ki, Ermənistanda sonuncu dəfə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum 6 dekabr 2015-ci ildə keçirilib və bunun  nəticəsində dövlətin siyasi quruluşu yarı prezident respublikası sistemindən parlamentli respublikaya dəyişdirilib.
 
Ancaq budəfəki referendum zamanı Konstitusiyaya hansı dəyişikliklərin olacağı haqda mətbuatda hələki heç bir informasiya mövcud deyil. 
 
Məsələ ilə bağlı Missiya.Az-a açıqlama verən Asif Nərimanlı bildirib ki, Ermənistan konstitusiyasının dəyişikliyi məsələsi ötən il gündəmə gəlib, bununla bağlı şura da yaradılıb. 

Ekspertin fikrincə, Paşinyanın konstitusiya islahatları iki məsələdən qaynaqlanır:
“Birincisi, daxili vəziyyətdir. Keçmiş hakimiyyətin dövründə qəbul edilmiş mövcud konstitusiya Paşinyanın mütləq hakimiyyətinə bəzən hüquqi problemlər yaradır. Ötən il Onik Qasparyanın qiyamı bu problemi praktiki şəkildə göstərdi. Paşinyanın verdiyi qərarlar prezident tərəfindən təsdiq olunmurdu, prezident məsələni konstitusiya məhkəməsinə göndərirdi, keçmiş hakimiyyətin dövründən qalan məhkəmənin hakimlərinin bir çoxu bu qərara qarşı çıxırdı. Yəni mövcud konstitusiya hakimiyyətin addımlarına problemlər yaradır, buna görə də dəyişmək istəyirlər. Bununla yanaşı, yeni konstitusiya ilə prezident postunun səlahiyyətlərinin artırılması məsələsi də gündəmdədir. İstisna deyil ki, bu, veriləcək siyasi qərarlarda məsuliyyəti bölüşməyə hesablanıb. Bu, Paşinyana sülh müqaviləsinin imzalanması kimi məsələlərdə təzyiq dalğasından müəyyən qədər yayınmaq imkanı verə bilər. Digər tərəfdən, erməni baş nazirin gələcək siyasi hakimiyyətini düşündüyü, baş nazir postundan getdikdən sonra prezident olmaq istədiyi də istisna deyil. 

İkincisi, Azərbaycan və Türkiyə ilə münasibətlərdən qaynaqlanır. Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinin yerinə yetirilməsi əsas vəzifələrdən biri olaraq əksini tapır. Bəyannamədə isə Azərbaycan və Türkiyəyə qarşı iddialar var. Bəyannamədə  qondarma “dağlıq qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarı əksini tapır, yəni “miatsum” Ermənistan dövlətinin əsas vəzifələrindən biri olaraq göstərilir. O cümlədən, bəyannamədə qeyd olunur ki, “Ermənistan respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda erməni soyqırımının (qondarma - red.) beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”. 

Ekspert qeyd edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, müstəqillik bəyannaməsini və bu bəyannaməyə istinad edən mövcud konstitusiyasını dəyişməlidir. “Fikrimcə, Paşinyanın yeni konstitusiyanın qəbul edilməsini istəməsinin səbəblərindən biri də budur. 44 günlük müharibədən sonra bütövlükdə regionda vəziyyət dəyişib, sülh müqaviləsi üzrə fikir ayrılığı olsa da, rəsmi İrəvan anlayır ki, bundan sonra Azərbaycan və Türkiyə ilə düşmən yox, normal qonşu olmağa məcburdurlar. Bunun üçün konstitusiya da dəyişməlidir”.

Daşqın Həsənov
Missiya.Az

  • 18-01-2023, 13:26