AZ   |   RU
Prezident bu vəzifəni Rəşad Nəbiyevə həvalə etdi


“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Prezidentin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamına dəyişiklik edilib.

Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra Komissiyanın sədri rəqəmsal inkişaf və nəqliyyat naziri olacaq.

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Katiblik funksiyaları da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Qeyd edək ki, əvvəllər bu funksiya Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyində idi.

Xatırladaq ki, Komissiyanın əsas vəzifələri dövlətin informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsi, onların mənbələri, istiqamətləri və formalarının, eləcə də təhdidlərin vura biləcəyi mümkün zərər və təsirlərin mütəmadi təhlilinin aparılmasıdır.

Komissiya, həmçinin kibertəhdidlərin qarşısının alınması və neytrallaşdırılması istiqamətində dövlət qurumlarının fəaliyyətini əlaqələndirir və ölkənin kritik infrastrukturlarına qarşı kiberhücumlara operativ reaksiya verilməsini təmin edir.

Məlumat üçün bildirək ki, hazırda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.



  • Bu gün, 11:45