
“Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda Rusiya dövlət başçısı Vladimir Putindən başqa heç kimlə görüşməyəcək”.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “The Breakfast Show”a müsahibəsi zamanı məlumat verib.
"Bu format deyil və Ukrayna Prezidenti Putindən başqa heç bir Rusiya nümayəndəsi ilə görüşə bilməz. Biz Rusiyada hakimiyyətin strukturunu başa düşürük. Və aydındır ki, hətta nazir statusuna malik olan adamlar da müəyyən qərarlar vermək səlahiyyətinə malik deyillər. Müharibənin davam etdirilməsi və ya dayandırılması ilə bağlı qərarları yalnız Putin verə bilər", - deyə siyasətçi vurğulayıb.
Podolyak birbaşa danışıqlara qadağa qoyulduğunu nəzərə alaraq, Zelenskinin Putinlə necə birbaşa görüş keçirə biləcəyini də izah edib:
"Düşünürəm ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu qərarına dəyişikliklər ediləcək. Və əgər biz hüquqi cəhətdən təsdiqlənmiş hansısa sənədi imzalamaq niyyətindəyiksə, hesab edirəm ki, hüquqi düzəlişlər ediləcək. Burada Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təqdim etmək hüquqi baxımdan sadə olacaq, lazımi hüquqi tənzimləmələr qəbul olunacaq", - deyə siyasətçi bildirib.
Daşqın Həsənov
Missiya.Az